İrandan ermənilərə dəstək: "Müharibədə Azərbaycan ordusunun önünü kəsiblər"

"Müharibədə Azərbaycan ordusunun önünü İran əsgərləri kəsib, ermənilərə vaxt qazandırıb".

"Sherg.az"ın xəbərinə görə, bunu politoloq Turab Rzayev deyib. 

Ekspert bildirib ki, keçən il 17 oktyabrda Cəbrayıl şəhəri düşməndən azad edilir. Bu barədə prezidentin çıxışı 18 oktyabrda olub. Yəni şəhərin ətrafı düşmənlərdən tamamilə təmizləndikdən sonra məlumat verilib

"Daha sonra Azərbaycan ordusu Zəngilana doğru istiqamət götürür. Zəngilana gedən ən qısa və rahat yol Araz çayı boyunca uzanan torpaq yol idi. Ancaq Azərbaycan ordusu burda gözlənilməz "sürprizlə" qarşılaşır. Belə ki, Xudafərin su anbarını keçəndən sonra Azərbaycan ordusunun öncü qüvvələri İran əsgərləri ilə qarşılaşırlar. Azərbaycan ərazisində! İran orda əvvəlcədən hazırladıqları beton maneələr vasitəsilə ordumuzun qarşısını kəsirlər. Bir neçə pikap və odlu silahla silahlanmış İran əsgərləri Azərbaycan ordusunun qarşısını kəsirlər. Onlarla danışıqlar heç bir fayda vermir. Azərbaycan ordusu burda bir neçə saat itirir".

T.Rzayev qeyd edib ki, İran əsgərləri orada olmalarını Xudafərin su anbarını qorumaqları ilə əlaqələndirirlər: 

"Azərbaycan o vaxt İran əsgərləri ilə döyüşə girməmək və ikinci cəbhə açmamaq üçün məcbur geri qayıdaraq Soltanlı kəndindən keçərək 20 km-lik E-002 yolu ilə getməli olurlar. Elə həmin gecə, oktyabrın 17-dən 18-nə keçən gecə diplomatik kanallarla Tehrana Azərbaycan ərazisinə keçməsi barədə ciddi xəbərdarlıq edilir və bildirilir ki, əsgərlərini çəkməsə bunu cəmiyyətə yayacaq. Bunlar başqa dildən başa düşmürlər. Əlbəttə, Güney Azərbaycandakı Azərbaycan türklərinin ciddi etiraz dalğasına səbəb olacaq".