Ermənistan İrandan qurtulmaq istəyir

"İranın öz hava məkanını Naxçıvana gedən təyyarələrə bağlaması fonunda Ermənistanın hava məkanını açması bir sıra məsələlərə aydınlıq gətirir".

Bunu "Sherg.az"a açıqlamasında politoloq Azər Qasımov deyib. 

Siyasi şərhçi bildirib ki, Ermənistan Rusiyadan daha çox İrandan ehtiyatlanır: 

"Ermənistan Tehrandan çəkinir və Rusiyadan çox İrandan qurtulmaq istəyir. Ermənistan heç nəyə baxmadan Azərbaycan və Türkiyənin yanında olmaq istədiyinin mesajını verir. Zəngəzur dəhlizi məsələsi ortaya çıxanda İran hərbi nümayəndələrinin Ermənistana səfərindən sonra Nikol Paşinyan ziddiyyətli bəyanatlar verməyə başladı. Sonra isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla və dövlət başçısı İlham Əliyevlə görüşmək istədiyini açıq bildirdi. Görünən odur ki, Paşinyan dəhlizin açılmasına qarşı olmasa da, İranın təzyiqləri və Zəngəzurda İran bazası kimi xəbərlərin ciddi əsasları var".

A.Qasımov bəyan edib ki, Paşinyan da bundan çəkinir və prezidentlərlə görüşdə bu məsələləri həll etmək istəyir: 

"Paşinyan ölkənin ayaqda qalması üçün son ümid yeri kimi İranı gördüyü üçün onun dediyi ilə hərəkət etməyə məcburdur. Ərdoğan və İlham Əliyevlə görüşdən sonra onda əminlik yaransa ki, bizlər Ermənistanı tək qoymayacağıq, o zaman dəhliz məsələsində Paşinyan konkret sözünü deyəcək. Hesab edirəm ki, İranla hazırda olan gərginliyin getdikcə artırılması və uzlaşma mesajlarının bizim tərəfimizdən verilməməsi ilk növbədə Ermənistana fikirlərini qətiləşdirməyə verilmiş imkandır. Prezidentlərlə görüşə gəldikdə Paşinyanda konkret fikir formalaşmalıdır ki, görüşün xarakteri nədən ibarət olacaq".