Paşinyan Tehranı aldadıb

Ermənistan İranın düşdüyü vəziyyətdən istifadə edərək daxili Şimal-Cənub magistral xəttini iranlıların pulu ilə həll etmək istəyir

İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi Gürcüstana yeni tranzit yolunun tikintisində ermənilərlə birgə iştirak etməyə hazır olduqlarını bildirib. Xademi bəyan edib ki, ən qısa zamanda alternativ marşrut yaratmaq lazımdır ki, yol Azərbaycan ərazisindən keçməsin. Onun sözlərinə görə, bu məqam ermənilər üçün çox vacibdir və onların ehtiyaclarını ödəyir. Söhbət İran və Ermənistanın “Qafqaz dəhlizi” adlandırdığı yolun salınmasından gedir. İran “Qafqaz dəhlizi” ilə Ermənistan və daha sonra Gürcüstan ərazisi ilə Rusiya və Avropaya çıxmağı hədəfləyir. Əlbəttə, regionda yeni alternativ dəhlizin inşa edilməsi xüsusi xərc tələb edir.

 Mövcud maliyyə imkanlarını nəzərə aldıqda Ermənistan nəqliyyat və logistikaya böyük sərmayə qoyuluşu həyata keçirmək gücündə deyil. Uzun müddət sanksiyalara məruz qalan İranın da bu istiqamətdə resursları güclü hesab olunmur. Digər yandan İran və Ermənistanın bəhs etdiyi ərazinin relyefi yeni dəhliz formalaşdırmaq baxımdan cəlbedici deyil. Hətta buna cəhd olunsa belə müəyyən zaman alacaq. Həmçinin, “Zəngəzur dəhlizi” istifadəyə veriləndən sonra Qərb və Şərqin Azərbaycan üzərindən beynəlxalq yükdaşımaları artıracağı gözlənilir. “Şərq-Qərb” nəqliyyat dəhlizinin genişlənməsi digər potensial alternativlərinin iqtisadi rentabelliyini ciddi şəkildə azaldacaq. Nəhayət, Azərbaycan beynəlxalq nəqliyat dəhlizlərinə yeni beynəlxalq hava limanları və Bakı-Tbilisi-Qars kimi dəmiryolu şəbəkəsi ilə inteqrasiya olunur. Bu da ölkəmizin regionda nəqliyyat habına çevrilməsinə imkan verir. Göründüyü kimi, rəsmi Tehranın axtardığı alternativlər iqtisadi baxımdan rentabelli olmamaqla yanaşı daha çox “siyasi manevr” məqsədi daşıyır. 

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə deyib ki, bu layihə əvvəldən mövcud idi, lakin İran bahalı işə pul yatırmaq istəmirdi. İndi rentabelli olmasa belə dəstək verməyə hazırlaşır. Analitik bildirib ki, İran tərəfi Gorus-Qafan yoluna alternativ marşrutun açılması istiqamətində də işləyir:

 “Tehran rəsmiləri öz açıqlamaları ilə İran-Ermənistan maraqlarının ortaq olduğunu, Tehranın Bakıya qarşı oynadığını açıq şəkildə ifadə edirlər. İranın nail olmaq istədiyi bir neçə hədəfi var. Tehran alternativ təqdim etməklə Ermənistanın Zəngəzur dəhlizinə qarşı əlini gücləndirir və razılaşmamasını təmin etməyə çalışır. Bölgədə Moskva və Ankaranın qarantı olduğu şərtləri dəyişdirə biləcəyini düşünür. Eyni zamanda Avropaya çıxışda Türkiyə marşrutundan xilas olmaq istəyir. Avqustda Tehrana səfər edən Paşinyanın sentyabrda Tbilisiyə apardığı təklif də bu idi. 

Lakin Gürcüstanın siyasi addımları və sərgilədiyi mövqe İranın istəyinə isti baxmadığını deməyə əsas verir. Bu prosesdə Paşinyanın Tehranı necə aldatdığı aydın görünür. 

Ermənistan Tehranın düşdüyü vəziyyətdən istifadə edərək, daxili Şimal-Cənub magistral xəttini (Gorus-Qafan yoluna alternativ) iranlıların pulu ilə həll etmək istəyir. Hərçənd, Zəngəzur dəhlizinin açılmasına məcbur olduğunu özü də anlayır. Paşinyanın oktyabrın 12-də Moskvada Putinlə görüşündə də bu məsələ üzərində həlledici qərarın veriləcəyi gözləniləndir.

Fikrimcə, Putin Nikolu Soçi görüşündə Ərdoğanla anlaşmanın icrası üçün dəvət edir. İranda da proseslərin inkişafını anlayanların olması şübhəsizdir. Buna rəğmən, “Bakıya qarşı hər şey, hər yol mübahdır” prinsipi ilə hərəkət edirlər”.