Tehranın indiki tutduğu strategiya yanlışdır

Pənah Hüseyn: "Nə qədər ki gec deyil, İran öz düşmənçilik hərəkətlərindən əl çəkməlidir"

"ABŞ və İsrailin bitirə bilmədiyi İranı, Tehranın bizə qarşı fəaliyyəti və Azərbaycana düşmənçiliyi bitirə bilər"

Azərbaycanın Xarici İşlər Nazirliyi İranın anti-Azərbaycan fəaliyyətinə və ona qarşı səsləndirdiyi böhtan xarakterli ittihamlara cavab verib. Nazirlikdən vurğulanıb ki, anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. Qeyd olunub ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınmasıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır: “İran Xarici İşlər Nazirliyi Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir.

Bu kimi ittihamları qətiyyətlə rədd edirik. Biz, 44 günlük müharibə dövründə bəyan etmişdik, indi də növbəti dəfə vurğulayırıq ki, Azərbaycan ərazisində heç bir iddia olunan terrorçu olmayıb və yoxdur. Ümumiyyətlə, terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayıb”. XİN rəsmisi vurğulayıb ki, Azərbaycan öz torpaqlarını şəhidlərinin qanı və canı bahasına işğaldan azad edib: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 100 mindən çox Orduya malik olan Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Təəccüblüdür ki, İran tərəfindən müharibə zamanı belə ittihamlar irəli sürülməyib. Müharibədən sonra ölkədə yeni hökumət hakimiyyətə gələnə qədər bu xüsusda heç bir narahatlıq doğuran məsələ olmayıb. Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar”. Xatırladırıq ki, hələ ötən ilin oktyabr ayında Azərbaycan tərəfi o zaman işğal altında olan ərazilərdə gedən döyüşlərdə erməni muzdlularının iştirakına dair konkret faktları diplomatik korpusa, o cümlədən İran səfirliyinə təqdim edib. 

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Şərq”ə bildirib ki, o, İranın Azərbaycana qarşı fəaliyyətini, hərəkətlərini, rəsmi şəxslərin açıqlamalarını Bakıya dost olmayan bir ölkənin düşmən mövqeyi kimi dəyərləndirir: 

“İran öz silahları, çoxsaylı ordusu və zorbalığı ilə qürurlanır. Azərbaycan isə öz torpağı, Vətəni və namusu uğrunda can verməyə və can almağa qadir xalqına, qəhrəman əsgərinə, dar gündə yanımızda olan dostlarına güvənir. AXP-nin ümumi konseptual baxımdan mövqeyi bundan ibarətdir. 

Prinsip etibarı ilə İranın düşmənçilik hərəkətlərinə qarşı Azərbaycan dövlətinin və xalqının etirazını, hiddət və qəzəbini bölüşürük. 

Bu məsələdə hamımız birlikdəyik. Bununla yanaşı, Türkiyə və Azərbaycan rəhbərliyi tərəfindən irəli sürülmüş “Altılıq platforması” ideyasının da reallaşmasının tərəfdarıyıq. Nə qədər ki gec deyil, İran öz düşmənçilik hərəkətlərindən əl çəkməlidir. 
Çünki bu, çox yanlış strategiyadır. ABŞ və İsrailin bitirə bilmədiyi İranı, Tehranın bizə qarşı fəaliyyəti və Azərbaycana düşmənçiliyi bitirə bilər”.