Ərdoğanla Bayden görüşündə Qarabağla bağlı müzakirə aparılacaq

Qafar Çaxmaqlı: "Amerika burada yaşayan əhalinin durumu ilə bağlı "narahatlığını" ifadə edə bilər"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin “G-20” liderlərinin oktyabrın 30-31-də Romada keçiriləcək Zirvə toplantısı çərçivəsində görüşü baş tutacaq.  Verilən məlumatlara görə liderlər Qarabağdakı vəziyyətə də toxunacaqlar.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən ermənişünas-alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı  Bayden-Ərdoğan görüşündə şübhəsiz ki, regional məsələlərin müzakirə ediləcəyini deyib. Onun sözlərinə görə, Qarabağla bağlı da müzakirənin aparılması istisna olunmur: 

"Türkiyənin mövqeyi bəllidir.  44 günlük savaşdan sonra reallıqlar ortadadır və Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Fikrimcə, görüşdə işğaldan azad olunmamış ərazilərdə erməni əhalinin durumu ilə bağlı məsələlər də gündəmə gətirilə bilər. Bu məsələdə də Türkiyənin mövqeyi bəllidir, Türkiyə Azərbaycanın iradəsinin kənarında hər hansı razılaşmalara getməyəcək". 

Q.Çaxmaqlı əlavə edib ki, Amerikanın hər hansı şəkildə regiona daxil olması məsələsi də müzakirə predmeti ola bilər:

 "Çünki ABŞ və Fransa istəyirlər ki, Minsk qrupu çərçivəsində danışıqların aparılmasına nail olsunlar. Bu formatın dirçəldilməsi təşəbbüsləri var və onun əvvəlki formatda davam etdirilməsinə çalışılır. Və yəqin ki, həmin görüşdə Ermənistanın  Azərbaycanla sülh sazişi bağlanması məsələsi, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması mövzusu da keçəcək. Çünki bu məsələlər Azərbaycanla Ermənistan və Türkiyə arasında nəzərdə tutulan  hansısa barışıqla  birbaşa bağlıdır. 

Əgər Ermənistanla bu istiqamətdə razılaşma olacaqsa, artıq Minsk qrupunun vasitəçiliyinə ehtiyac qalmayacaq. Çünki Ermənistan həmin sazişdə mütləq ölkələrimizin, erməni əhalinin yaşadığı torpaqlar da daxil olmaqla, ərazi bütövlüyünü tanımış olacaq. Amerika burada yaşayan əhalinin durumu ilə bağlı "narahatlığını" ifadə edə bilər.

 Bu məsələdə də heç bir problem yoxdur. Artıq Azərbaycan prezidenti səviyyəsində elan olunub ki, Azərbaycanda yaşayan ermənilərin də digər azlıqlar kimi bütün hüquqları qorunacaq. Əlbəttə ki, onlar Azərbaycan qanunları ilə yaşamaq seçimini seçsələr. 

Qarabağla bağlı Amerikanın hər hansı şərt irəli sürəcəyinə inanmıram. Onları düşündürən bölgədə gedən proseslərə qatılmaq naminə "oyundankənar " vəziyyətdən çıxmalarıdır".