"Gürcüstanın ermənilərə yolu bağlaması güc nümayişidir"

Cümşüd Nuriyev: "Ermənistan üçün Gürcüstan istiqamətində ikinci cəbhənin açılması bu ölkənin məhvini daha da sürətləndirər"


Ermənistana məxsus yüzlərlə yük avtomobili həftələrdir Rusiya-Gürcüstan sərhədində dayandırılıb. Maşınların saxlanılması onların məhz Ermənistana məxsus olması ilə əlaqələndirilir. Çünki Azərbaycana, Türkiyəyə, Rusiya və Gürcüstana məxsus bütün avtomobillər gömrük-sərhəd məntəqəsindən problemsiz və asanlıqla keçirlər. Qonşu Gürcüstanın bu addımı Ermənistan tərəfindən ciddi tənqid olunmaqda və etiraza səbəb olmaqdadır. Hətta bəzi ermənilər Gürcüstanın hərəkətlərinə “adekvat” cavab veriləcəyini də vurğulayıblar. Ermənistanın siyasi şərhçisi Tevos Arşakyan növbəti dəfə Gürcüstana ərazi iddiası ilə çıxış edib. O, Gürcüstandakı erməniləri ayağa qaldıracaqlarını söyləyib. 

Vurğulayıb ki, Gürcustan hakimiyyəti antierməni addımlar atmazdan öncə bir “Cavax”ı (Cavaxetiya nəzərdə tutulur- red) yada salsınlar. Onun sözlərinə görə, “qədim erməni torpağı” olan “Cavax”ın 99.9 faizini ermənilər təşkil edir: “Bu, bizim torpaqlardır. Tiflis ağlını başına yığmasa, biz “Cavax”dakı erməniləri ayağa qaldıracağıq. Hazırda Gürcüstan Azərbaycana və Türkiyəyə sərf edən addımlar atır, Ermənistanın maraqlarını isə ümumiyyətlə nəzərə almır. Bu, gürcülərə baha başa gələ bilər”. Qeyd edək ki, ermənilərin “özününkü” saydığı Samtsxe-Cavaxetiya torpaqlarında qədimdən gürcü xalqının tərkib hissələrindən olan cavaxlar və məshəti türkləri məskunlaşıblar. Ermənilər bu diyarlara 1829-cu ildə rusların dəstəyi ilə köçüblər. Britaniyalı siyasi xadim M.F.Praysın yazdığına əsasən, Cavaxetiya o vaxt 120 min erməni köçürülüb. Bu ərazilərə ikinci böyük erməni miqrasiya dalğası 1877-1878-ci illərdə baş tutub. Bu torpaqların əzəli sakinləri gürcülər və məshəti türkləri isə 1944-cü ilə qədər Cavaxetiyadan deportasiya ediliblər. Yəni azərbaycanlılar üçün tanış olan bir senari bu gün ermənilər tərəfindən gürcü xalqına yazılır. 

Ermənilərin növbəti təxribatı ilə bağlı “Şərq”ə danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Arşakyanın açıqlamaları ilk növbədə Ermənistanın daxili siyasətini gündəmə gətirir. Politoloq vurğulayıb ki, ermənilər Qarabağ məsələsində aldıqları dərsə baxmayaraq, yenə də öz separatizm cəhdlərindən əl çəkmirlər:

 “Ermənilər şantajla indiyə kimi bəzi şeylərə nail olublar. Məhz o səbəbdən Gürcüstana ərazi iddiası ilə çıxış edirlər. Ermənilərin məkirli planları artıq çoxlarına məlumdur. Lakin burada Rusiyanın da maraqları var. Bilirsiz ki, Gürcüstan Rusiya faktoruna görə “3+3” formatında yer almaq istəmir. Tbilisi hökuməti ermənilərə məxsus yük maşınlarını sərhəddə saxlamaqla Ermənistanla yanaşı, eyni zamanda Rusiyaya da müəyyən mesajlar verir. Daha doğrusu, ermənilərə başa salmağa çalışır ki, sıxıntılı günlərdə Moskva sizin imdadınıza yetişə, xilas edə bilmir. Gürcüstanın ermənilərə yolu bağlaması Kremlə güc nümayişidir, siyasi demarşdır. Rusiya son dönəmlər Gürcüstanın daxili işinə çox qarışır. Cavaxetiya təxribatı buna qarşılıq olaraq ortaya atılıb”. 

C.Nuriyev vurğulayıb ki, Ermənistan üçün Gürcüstan istiqamətində ikinci cəbhənin açılması bu ölkənin məhvini daha da sürətləndirər: 

“Bu cür addımların ermənilərə heç bir faydası yoxdur. Rusiya ciddi problemlər içərisindədir, Gürcüstanın yanında isə Qərb ölkələri, ABŞ və Avropa var. İstənilən halda bölgədə baş verənlər Azərbaycanın xarici siyasəti üçün əlverişlidir. Əgər Gürcüstan bir müddət daha ermənilər üçün yolu bağlı saxlasa, İrəvan hökuməti Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı imzalamağa məcbur qalacaq. Ona görə də Gürcüstan hökumətinə minnətdarlıq edirik. Fikrimcə, qonşu ölkənin bu davranışı Azərbaycanla yanaşı, Gürcüstan üçün də strateji üstünlük gətirəcək. Ermənilər çox şey istəyə bilər, amma bundan sonra heç bir arzuları reallaşmayacaq”.