İç üzləri açıldı

“İran Ermənistan qədər də konstruktiv davrana bilmədi” 

“İranın pisliyi necə deyərlər, elə onun özünə qaldı”. Bu sözləri “Şərq”ə açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, cənub qonşumuzun öz hava məkanını Naxçıvana gedən təyyarələrimizin üzünə bağlaması barədə qərar verməsinin üzərindən çox keçməmiş, öncə Gürcüstanın, sonra isə Ermənistanın atdığı əks addımlar İran üçün sözün əsl mənasında pis sürpriz oldu: 

“Gürcüstan İran nəqliyyat vasitələrinin ölkə ərazisinə quru yolu ilə daxil olmalarına qadağa qoydu. Bu həm də Azərbaycan-Gürcüstan münasibətlərinin ən yüksək səviyyədə olmasının göstəricisidir. Eyni zamanda rəsmi Bakının çevik diplomatiyasının nəticəsidir”. 

Ə.Hüseynov vurğulayıb ki, Gürcüstanla bərabər Ermənistan da öz hava məkanından Azərbaycan təyyarələrinin istifadə etməsinə icazə verdi:

 “Beləliklə, “Azərbaycan Hava Yolları” şirkətinin təyyarələri bu gündən etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysləri yerinə yetirərkən Zəngəzur üzərindəki hava dəhlizindən istifadə etməyə başlayıb. Əlbəttə, İran nə Gürcüstandan, nədəki Ermənistandan belə bir münasibəti gözləmirdi. Onların bu addımı İranın öz hava məkanını Azərbaycan təyyarələri üçün bloklamasını təsirsiz hala gətirdi. Düzdür, bu ölkələr məlum addımı ilk növbədə öz milli mənafelərindən, geosiyasi maraqlarından çıxış edərək atıblar. Ancaq bütün hallarda onların bu addımı İranın iç üzünün üzə çıxmasına şərait yaratdı. İran yaxşı qonşu olmadığını göstərdi. Cənub qonşumuz bu epizodda hətta regionun ən təxribatçı, cığal ölkəsi sayılan Ermənistan qədər də konstruktiv davrana bilmədi. Bu gedişlə İran regionda tamamilə təklənə bilər”.