Gözlənilən idi...

"Taliban" Türkiyə ilə rəsmi münasibətlər qurmağa başladı

Türkiyə və ABŞ-la münasibətlərin qurulması "Taliban" üçün son dərəcə ciddi əhəmiyyətə malikdir


"Taliban"ın Əfqanıstanda qurduğu müvəqqəti hökumətin Xarici işlər naziri Əmir Xan Muttakinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, "Taliban"ın nümayəndə heyəti Qətərin paytaxtı Dohadan təyyarə ilə Türkiyəyə gəlib. Əmir Xan Muttakinin bəzi türk rəsmiləri ilə danışıqlar aparacağı gözlənilir. Qeyd edək ki, bundan öncə Muttaki Dohada Qərb diplomatları ilə görüşüb. 

Muttaki görüşündə deyib ki, Əfqanıstan hökumətini zəiflətmək heç kimin xeyrinə deyil, çünki bu vəziyyətin mənfi təsirləri bütün dünyada təhlükəsizliyə, iqtisadiyyata və miqrasiyaya birbaşa təsir edəcək. Bundan başqa "Taliban" ABŞ rəsmilərini hərəkat üzvlərini terrorçuların siyahısından çıxarmağa çağırıb.

Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu "Şərq" ə açıqlamasında bildirib ki, "Taliban" Əfqanıstan üzərində öz hakimiyyətini təsdiq etdikdən sonra digər dövlətlərlə münasibətlərini qurmaq və əlaqələri genişləndirməklə bağlı dəfələrlə açıqlamalar verib. Ekspert qeyd edib ki, "Taliban" bir iqtidar qüvvəsi olaraq xarici əlaqələrə son dərəcə ciddi fikir verəcək:

 "Türkiyə və ABŞ-la münasibətlərin qurulması "Taliban" üçün son dərəcə ciddi əhəmiyyətə malikdir. Türkiyə ona görə ciddi əhəmiyyətə malikdir ki, onun bölgədə kifayət qədər təsir gücü var. Türkiyənin istər Yaxın Şərq, istərsə də Mərkəzi Asiya bölgəsində tarixi nöqteyi-nəzərdən böyük nüfuzu var. Həmçinin, Türkiyə bölgədə iştirak və idarə təcrübəsinə malikdir. Bu mənada təbii  ki, "Taliban"ın Türkiyə ilə münasibətlər qurması əslində gözlənilən bir məsələ idi. Burda həm də Pakistan faktoru var. Bunu unutmaq olmaz. Pakistan Türkiyənin kifayət qədər ciddi strateji mütəffiqidir. Eyni zamanda Pakistan taliblərlə də bağlı loyal münasibət sərgiləyir. Hətta prosesin ilkin mərhələlərə başladığı dövrlərdə xatırlayırsınızsa, "Taliban" iqtidarını tanıya biləcəyini söyləyən üç ölkədən də biri Pakistan idi. Bu mənada "Taliban"la Türkiyə münasibətlərinin qurulması, bununla bağlı  müəyyən görüşlərin keçirilməsi  gözlənilən məsələ idi. Həm də burda terror faktorunu, İŞİD faktorunu da nəzərə alarsaq, bu münasibətlərdə, hətta müəyyən bir nəticələrin  gələcəkdə əldə edilməsi də mümkündür". 
V.Zifəroğlu diqqətə çatdırıb ki, başqa bir məsələ "Taliban" və ABŞ münasibətləri ilə bağlıdır: "Xatırlayırsınızsa, ABŞ Mərkəzi Asiyada Əfqanıstan üzərindən "Taliban"ı irəli çəkir. Bu o "Taliban"dır ki, yaradıcıları 70-ci illərin sonu-80-ci illərin əvvəllərindən başlayaraq məhz silahlı islami qruplaşma liderləri kimi Sovetlərə qarşı Amerikanın dəstəyi ilə savaşdılar. İndi isə Çinin Mərkəzi Asiya həmləsinə qarşı irəli çəkilirlər. "Taliban"ın başına hərəkatın Qətər nümayəndəliyinin rəhbəri gətirilir. Bu həmin Qətərdir ki, Yaxın Şərqin ən kilid ölkəsidir, ABŞ-ın strateji müttəfiqidir və ərazisində ən çox amerikalı hərbi kontingent olan ölkədir. Yəni Amerika talibləri məhz Qətər vasitəsilə nəzarətdə saxlamağı planlaşdırır. Amma Qətər həm də Türkiyənin ən önəmli müttəfiqidir. Bura ABŞ-ın Yaxın Şərqdə strateji iki müttəfiqi - Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının "Taliban"ı tanıyacaqları ilə bağlı mövqelərini də əlavə etmək lazımdır. Qətərdən fərqli olaraq bu iki ölkənin Türkiyə ilə münasibətləri ziddiyyətlidir. Onların Qətərlə də münasibətləri ziddiyyətlidir. Türkiyə isə "Bir qurşaq-bir yol" layihəsini dəstəkləyir. Türkiyə həm də Pakistanla müttəfiqdir. 

Və Pakistan həm də Çinlə yaxın strateji müttəfiqdir və sözügedən layihəni tam dəstəkləyir. Eyni zamanda "Taliban"la münasibətləri normaldır, talibləri tanıya biləcəkləri ehtimalı realdır. Burada isə Çinin də dəstəyi ilə Mərkəzi Asiyada Pakistanın artan nüfuzuna qarşı Hindistanı irəli çəkən Rusiya və İran yada düşür. Həmin Rusiya və İranın isə ənənəvi olaraq sözügedən bölgə üzərində təsir imkanları var. Ruslar Orta Asiyanın qarışmasında maraqlı deyillər, belə ki, həmin bölgədə Əl-Qaidə dəstəkçisi olan kifayət qədər passiv hücrələr var, bu hücrələrin aktivləşməsi zaman məsələsidir. Növbəti mərhələdə prosesin Şimali Qafqaza keçməsi də realdır. İran isə etnik ərəblər və bəluclar yaşayan bölgədə sıxıntı çəkir (bir necə gün bundan əvvəl Xuzistanda yaşanan və tezliklə bütün ölkə üzrə öz təsirini göstərmiş su qiyamı buna əyani sübutdur, əlavə olaraq məzhəb faktoru işə düşür), Pakistan isə etnik bəluclara (məzhəbsəl və etnik faktor) dəstək verir. Lakin həm Rusiya, həm İran eyni zamanda Çinin "bir qurşaq-bir yol" layihəsində maraqlıdırlar. Onlar Türkiyə ilə də müttəfiqdirlər (Astana formatı). Baxmayaraq ki, yuxarıda da  qeyd etdiyimiz kimi, bu layihədə önəmli oyunçu, Çinin tam dəstəklədiyi, Türkiyənin yaxın müttəfiqi Pakistana qarşı Hindistanı dəstəkləyirlər". 

Ekspert qeyd edib ki, Əfqanıstanda müəyyən təsir imkanları olan bir ölkə kimi Amerika Birləşmiş Ştatları ilə taliblərin əlaqələr qurması və terror təşkilatları siyahısından istər taliblərin rəhbərlərinin, istərsə də "Taliban"ın özünün  çıxarılması ilə bağlı müraciət etməsi əslində əvvəldən proqnozlaşdırılırdı:

 "Nəzərə almaq lazımdır ki, bölgədə aktiv olan bir sıra başqa radikal qruplaşmalar var. Mümkündür ki, ABŞ elə məhz gələcəkdə "Taliban" vasitəsilə terror qruplaşmalarına qarşı bölgədə mübarizəni təşkil etsinlər. İstisna deyil ki, bu istiqamətdə də taliblər müəyyən nəticələr əldə edə bilsinlər".