Düşmənlərimiz özünə dayaq axtarır


Ancaq Hindistanla Ermənistan arasında əlaqələr bir səviyyəyə qədər inkişaf edə bilər

Erməni politoloq, radikal açıqlamaları ilə tanınan Vardan Voskanyan son vaxtlar İranın bölgədə gərginliyi artırmasının səbəbini izah edib. Yerli mediaya açıqlama verən politoloq rəsmi Tehranın ardınca Hindistanın da Ermənistanla münasibətləri dərinləşdirməsinin təsadüfi olmadığını deyib:

"Son günlər bölgəmizdə vəziyyət gərginləşib. Hazırda Zəngəzur dəhlizi kimi tanınan Turan dəhlizi təkcə İranı deyil, Hindistanı da narahat etməyə başlayıb. Bu səbəbdən bu iki ölkə əlindən gələni edir ki, yeni iqtisadi-siyasi layihələr reallaşdırsın". 

Erməni politoloq Tehranın bölgədəki qarışıq siyasi proseslərdə aktivlik göstərdiyini xüsusi vurğulayaraq ölkəsinin Zəngəzur dəhlizinə deyil, Hindistanla İranın təklif etdiyi yeni layihələrə dəstək olmalarını vacib sayıb.

Ermənistanla Hindistan arasında münasibətlərin uzun illərdi mövcud olduğunu deyən politoloq Samir Hümbətov "Şərq"ə açıqlamasında bildirib ki, burda bir paralellik var: 

 "Azərbaycanla Pakistan arasında siyasi, iqtisadi, hərbi sahələrdə sıx əməkdaşlıq mövcuddur. Yəni onlar həm əməkdaş, həm tərəfdaş, həm də qardaş dövlətdilər. Azərbaycan hər zaman Pakistanı dəstəkləyib, Pakistan da hər zaman Azərbaycanı. Azərbaycanın ərazilərini işğal etdiyinə görə, Ermənistanı tanımayan dövlətlərdən biri də məhz Pakistandır. Bilirsniz ki, Hindistan da Pakistanla münaqişəli dövlətdir, müharibə vəziyyətindədir və hər an patlamağa hazır olan bomba kimi  bir bölgədə yerləşir. Eyni zamanda, həm Pakistan, həm də Hindistan nüvə dövlətidir. Düzdür, bu gün Hindistanla Azərbaycan arasında 1 milyard manatın üzərində ticarət əlaqələri mövcuddur. Amma bununla belə Hindistan şirkətləri dəfələrlə Azərbaycanın o zamanlar işğal altında olan ərazilərində qanunsuz olaraq fəaliyyət göstərirdi. Bu, Azərbaycan tərəfinin etirazları ilə qarşılanmışdı və Hindistana xəbərdarlıq edilmişdi. Ancaq Hindistan bu etirazlara baxmayaraq, Ermənistanın xatirinə orada fəaliyyət göstərirdi. Hətta İkinci Qarabağ savaşından sonrakı mərhələlərdə də Ermənistanın Hindistandan silah aldığı ilə bağlı fikirlər səsləndirilirdi və mətbuata yayıldı".

S.Hümbətov vurğulayıb ki, Hindistanla Ermənistan arasında təxminən 400 milyon dollar civarında ticarət əlaqələri mövcuddur:

 "Təbii ki, Hindistanın belə addımlar atmasının əsas səbəblərindən biri də məhz ortada Pakistan məsələsidir.  Çünki Azərbaycanın Pakistanla əlaqələri var. Eyni zamanda, Hindistanla Ermənistan arasında iqtisadi əlaqələrin bu il artırılması ilə bağlı fikirlər səsləndirilir. Burda  belə bir üçbucaq yaranır: Türkiyə-Pakistan-Azərbaycan İttifaqına qarşı, yəni tam şəkildə rəsmi olmasa da, İran-Ermənistan-Hindistan İttifaqını qurmaq təşəbbüsü. Bu təşəbbüsü İran rəsmiləri dəfələrlə qeyd ediblər. Hesab edirəm ki, Hindistan bu yöndən kömək eləyə bilər. Təbii ki, Pakistandan fərqli olaraq Hindistanın Azərbaycanla münasibətləri mövcuddur və onun ticarət əlaqələri möhkəmdir. O, daha çox  neft sektoru ilə maraqlanır, xam nefti olan əsas ölkələrdən biri hesab olunur. Hindistan Ermənistan əlaqələrini dərinləşdirə bilər, amma  bir məsafəyə qədər. Çünki Azərbaycan fakt olaraq ortadadır. Təbii ki, bu ikili mədəni münasibətləri inkişaf etdirə bilərlər. Siyasi münasibətlər də inkişaf edə bilər. Ümumi olaraq  bütün ölkə üzrə həm iqtisadi,  həm siyasi, həm də hərbi sahələrdə sırf inkişafın gözlənilməsi  mümkün deyil. Heç İran özü də onu edə bilməz. Çünki burda bəzi gizli detallar var ki, onlara görə İran da bu addımı ata bilməz, eləcə də Hindistan. Hindistanla Ermənistan arasında əlaqələr bir səviyyəyə qədər inkişaf edə bilər, ondan sonra getməyəcək. Təbii ki, erməni rəsmiləri özlərinə dayaq tapmaq üçün bu fikri səsləndirə bilər, amma əslində təbii ki, onun məsafəsi var, sərhədləri mövcuddur. Həmin sərhədlərə qədər orda iqtisadi və siyasi sahədə ola bilər  ki, əlaqələr inkişaf eləsin. Hətta hərbi sahədə bəzi silah ticarəti ilə məşğul ola bilərlər. Ancaq böyük səviyyəli ticarət əlaqələrinin olması real görünmür. Çünki Ermənistanın özünün iqtisadiyyatı da imkan vermir ki, o səviyyədə inkişaf eləsinlər. Heç Hindistan da açığı, Ermənistanla böyük bir ticarət dövriyyəsinin baş tutacağını gözləmir. 

Çünki Ermənistan balaca bir dövlətdir. Ermənistanda istehsalat o qədər də güclü deyil. Ona görə də hesab edirəm ki, Hindistanla Azərbaycan münasibətləri korlayıb Ermənistanla dərinləşdirəcək qədər qeyri-adekvat siyasət yürütməz. Hesab edirəm ki, bu məsələləri nəzərə alar".