“Ən pis sülh, yaxşı müharibədən yaxşıdır”

Putin bu tezisi Ermənistan tərəfinə ünvanlamışdı

Rusiya prezidentinin açıqlamasını Fransa və ABŞ da ciddi qəbul etməlidir


Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən son iclasında çıxışı zamanı Qarabağdan danışarkən deyib ki, Rusiyanın sülhməramlı kontingenti Dağlıq Qarabağda əldə olunan barışığın zəmanətçisidir: “Bizim yardımımızla humanitar yüklərin çatdırılması, hər iki tərəfdə ərazilərin minalardan təmizlənməsi həyata keçirilir, həyat təminatı sistemi bərpa olunur”.

Vladimir Putin videokonfransda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın çıxışlarını şərh edərkən ən yaddaqalan fikrini söyləyib: “Ən pis sülh, yaxşı müharibədən yaxşıdır”. Həqiqətənmi Qarabağ nümunəsində “pis sülh yaxşı müharibədən yaxşıdır?".

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında bildirib ki, MDB dövlət başçılarının ənənəvi sammiti MDB məkanında müəyyən problemlərin həlli, yeni geosiyasi sazişlərə hazır olmaq, dövlətlərarası münasibətləri tənzimlənməsi istiqamətində böyük əhəmiyyət kəsb edir. Politoloq qeyd edib ki, Putinin “Pis sülh, yaxşı müharibədən yaxşıdır” kimi tezisi, əlbəttə ki, Ermənistana ünvanlanır və ümumiyyətlə, Azərbaycan öz ərazi bütövlüyünü təmin edir: 

"Rusiya prezidenti dəfələrlə həm müharibənin gedişində, həm də müharibədən sonra Azərbaycanın haqq işini dəstəklədi və Qarabağın Azərbaycan torpağı olduğunu xüsusilə vurğuladı. Ona görə də Ermənistan tərəfi konkret olaraq sülh razılaşmasına gəlməlidir və ona görə də bu fikirlər birbaşa Ermənistana ünvanlanır. Bilirsiniz ki, Rusiya da bu prosesdə vasitəçidir, o cümlədən 10 noyabr və 11 yanvar razılaşmaları həyata keçirilməlidir. Ona görə də Qarabağla bağlı, xüsusilə Ermənistan Azərbaycan arasında münaqişənin bitdiyi, artıq sülhün əldə edilməsi istiqamətində danışıqların aparılması gözlənilir və Moskva da vasitəçi olmaq niyyətindədir". 
M.Əsədullazadə əlavə edib ki, Azərbaycan tərəfi konkret olaraq sülhün əldə edilməsində maraqlıdır: "Ermənistan tərəfi konkret bu müharibədə uduzub və müharibə aparmaq iqtidarında deyil. Ona görə də Ermənistan tərəfi üçün ən məqbul variant 10 noyabr və 11 yanvar razılaşmalarına əməl etməkdir, yəni bunun alternativi yoxdur. Alternativi isə müharibədir və bu da Ermənistan üçün baha başa gələcək. Putinin bu tezisini həm Fransa, həm də ABŞ ciddi şəkildə qəbul etməlidir və onlar bu status oyunundan kənar durmalıdırlar".