Üçtərəfli görüş: “Vəziyyət “pis sülh” epiteti altında gizlədilir” – AKTUAL 

Moskvada Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun növbəti iclası keçiriləcək.Görüşdə üç ölkənin Baş nazirlərinin müavinləri Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryan iştirak edəcəklər. Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi səbəbindən İşçi Qrupun işində müvəqqəti fasilə yaranmışdı, lakin son vaxtlar üçtərəfli formatda görüşlər yenidən başlayıb. 

Görüşü şərh edən siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə açıqlamasında üçtərəfli İşçi Qrupunun növbəti iclasının keçirilməsi ərəfəsində verilən bəzi bəyanatlara və baş verən hadisələrə diqqət çəkməyin zəruri olduğunu bəyan edib. Onun sözlərinə görə, bundan əvvəl ABŞ Zəngəzur dəhlizinin reallaşmasında maraqlı idisə, indi bu marağını şübhələr əvəzləyir: 

"ABŞ hazırda Qafqazda 3+3 formatında regional əməkdaşlıq platformasına tərəddüdlə yanaşır, bunun səbəbləri sırasında dayanan amil Rusiyanın son zamanlar təşəbbüsü ələ almasıdır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına hazırlıqların getdiyi bir zamanda Rusiya lideri Vladimir Putin MDB dövlət başçılarının sammitində belə fikir işlətdi: “Pis sülh yaxşı müharibən yaxşıdır”. Bu fikirdəki kodları necə oxuyaq?  Məncə, bu mesaj Qarabağ məsələsində Rusiya ilə Qərbin çəkici eyni nöqtəyə vura bilməməsinə işarədir. Ona görə də Putin hazırki məqamdakı sülh sazişinin şifahi müqəddiməsindəki situasiyanı “pis sülh” epiteti altında gizlədir. Türkiyə amilinə gəlincə, Qərblə Türkiyə arasında da fikir ayrılıqları yaşanır, sözsüz ki, bu, Ankara ilə Qərbin, o cümlədən Vaşinqtonun Qarabağa münasibətdə vahid NATO standartları ilə yanaşmasını ən azından təxirə salır. Son günlər Qərb dairələrindən Azərbaycana səfərlər də gerçəkləşir, bu, böyük ehtimal ki, Rusiyanın təşəbbüskarlığını neytrallaşdırmaq niyyətləri güdür. Fikir verin, oktyabrın 18-də müdafiə naziri Zakir Həsənov NATO baş katibinin xarici İşlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Xavyer Kolomina ilə görüş keçirdi. Oktyabrın 19-da isə Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarı qəbul etdi". 

A.Kərimov əlavə edib ki, Qərb regiondakı təhlükəsizlik prioritetlərində özünün maraqlarını Rusiyadan önə çıxarmaq istəyir, bu səfərlərin bir məqsədi də budur:

 "Qərb mətbuatında ABŞ-ın Mərkəzi Asiyaya girişini təmin edən amillər üzərindən fikir yürüdülür. Bu kontekstdən yola çıxdıqda isə, ABŞ-ın Mərkəzi Asiya strategiyasında Türkiyə və Azərbaycan faktorundan yararlanmaq istəklərindən danışmaq mümkündür. Baş verənlər kontekstində Moskvada keçiriləcək üçtərəfli görüş regional və qlobal siyasi maraqların iqtisadi maraqlarla uyğunlaşdırılması baxımından önəmlidir.  Üçtərəfli komissiya bəllidir ki, siyasi məsələlərdən daha çox postmüharibə dövrünün regional iqtisadi arxitekturasını müəyyən edir. İndi bu iqtisadi maraqların sülh sazişinin imzalanması gözlənilən ərəfədə böyük siyasi maraqlarda öz əksini tapması üzərində baş sındırılır. İran məsələsindən sonra Zəngəzur dəhlizinin “altılıq” formatında reallaşması sual altına düşsə də, bu dəhlizin gerçəkləşməsi zərurətə çevrilir. Üçtərəfli komissiya bu zərurətlərin iqtisadi mexanizmləri üzərində yenidən işləyə bilər".