İran narkotrafikin başlanğıc nöqtəsidir


Bu gün rəsmi Tehran Qarabağdakı "boz zona" üzərində nəzarəti itirdiyi üçün qıcıqlanır və bununla barışa bilmir

İran hakimiyyətinin narkotik qaçaqmalçılığı ilə əlaqəli olub-olmamasından asılı olmayaraq bu ölkə narkotrafikin dəfələrlə sübut olunmuş başlanğıc nöqtəsidir. Bunu  rusiyalı tarixçi və siyasi analitik, professor Oleq Kuznetsov deyib. Onun sözlərinə görə, İran indiki teokratik təcəssümündə beynəlxalq siyasətdə özünü yalnız Yaxın Şərqdə güclü dövlətçiliyin və siyasi sabitliyin olmadığı "boz zonalarda" aktiv şəkildə göstərir və xüsusi çəkiyə malikdir. Siyasi analitik bildirib ki, bu gün rəsmi Tehran Qarabağdakı "boz zona" üzərində nəzarəti itirdiyi üçün qıcıqlanır və bununla barışa bilmir. Professor deyib ki, İran Qarabağ vasitəsi ilə yuxarıda sadalanan ölkələrdə maddi və ideoloji cəhətdən özündən asılı olan radikal qrupları dəstəkləmək üçün Avropaya narkotik ticarəti həyata keçirib, orada ayrı-ayrı filiz və mineral ehtiyatlarını əldə edib, enerji mənbələrinin qaçaqmalçılığı şəbəkəsini yaradıb. 

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli uzun illər işğalda olan 130 kilometrlik bir "boz zona"nın narkotrafik üçün keçid rolunu oynadığını deyib. Partiya rəsmisi vurğulayıb ki, bunu BMT-nin məruzələrində də aydın şəkildə görə bilərik:

 "İran-Ermənistan ikili əlaqələri boz zonalardan qeyri-qanuni olaraq iqtisadi maraqlarının təmin olunmasında istifadə edib. Burada biz təkcə narkotrafikdən deyil, eyni zamanda qaçaq yolla daşınan digər məhsullardan danışa bilərik. Bu gün bu zonalar artıq bağlanıb. Bu da iqtisadi cəhətdən İranda narahatlıq yaradır. Narkotik maddələrin tranzitində əsas marşrutlardan birinin Əfqanıstan-İran-Azərbaycan olduğunu nəzərə alsaq görərik ki, işğal dövründə də İranla Azərbaycan sərhədindəki 132 km sahə bizim nəzarətimizdə olmadığından Cənub qonşumuz Azərbaycan ərazilərindən narkotik biznesi üçün geninə-boluna istifadə edib. Hətta Qarabağda qurduğu narkotik biznesi ilə erməni terrorçularına yardımlar edib. Bu da onu deməyə əsas verir ki, Ermənistanın işğalında olan Azərbaycan torpaqları İranın iştirakı ilə narkotik plantasiyaları kimi istifadə edilib".