"Saakaşvilinin tərəfdarları qətiyyət göstərsə, hakimiyyət laxlayacaq"


Azər Həsrət: "Bizim üçün gərəkli odur ki, Gürcüstanda sabitlik pozulmasın"

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilin həbsxanadan ilk fotosu çəkilib. O, saxlandığı Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinin dəmir barmaqlı pəncərəsindən tərəfdarlarını salamlayıb. M.Saakaşvili türmə kamerasından tərəfdarlarına “Siz çox güclüsünüz” sözləri ilə təşəkkür edib. Eks-prezident pəncərədə bir neçə saniyə ərzində görünüb. 

Pəncərə tez bir zamanda bağlansa da, media nümayəndələri onu lentə alıblar.

Gürcüstanda baş verən siyasi prosesləri şərh edən siyasi şərhçi Azər Həsrət "Şərq"ə açıqlamasında bildirib ki, Gürcüstanda baş verən proseslər Azərbaycan və bütövlükdə bölgəmiz üçün də çox əhəmiyyətlidir. Siyasi şərhçi qeyd edib ki,  orda baş verənlər də bu və ya digər şəkildə mütləq Azərbaycana da təsiri olacaq: 

"Bu, qaçılmazdır. Azərbaycan dövləti və cəmiyyəti hər zaman Gürcüstanda sabitliyin davamlı olmasını istəyb. Ancaq göründüyü kimi, Gürcüstanda sabitlik prosesi məhvərindən çıxıb, yəni müəyyən siyasi hərəkətlənmələr baş verir. 

Təbii ki, keçmiş prezident Mixeil  Saakaşvili ilə bağlı kütləvilik birinci olaraq diqqət mərkəzindədir. Onunla bağlı etirazçıların çoxsaylı olması diqqət çəkir ki, bu da xalq rəğbətinin varlığından xəbər verir. Gürcüstanın keçmiş prezidenti Saakaşvili prezidentliyi dönəmində də, indinin özündə də daha çox Qərbin adamı kimi qəbul edilir. Əlbəttə ki,  onun ətrafında baş verən prosesləri bütövlükdə Güney Qafqazın çalxalanması ehtimalına işarədir. Bu, əlbəttə, Azərbaycana müəyyən şəkildə təsir edə bilər. Amma ümumilikdə götürən də Azərbaycan dövləti və xalqı o qədər monolitdir ki, qonşu dövlətlərdə baş verən proseslər əlbəttə ki, bizim davamlı sabitliyimizi yerindən oynada bilməyəcək. Gürcüstanda nə baş verəcək? Əlbəttə ki, bəlli bir dövrdə əgər Gürcüstan hakimiyyəti bu kütləvi etirazların qarşısında duruş gətirə bilsə, o zaman  Saakaşvilinin sonrakı mərhələlərdə daha irəli çıxması baş tutmayacaq. Gürcüstan hakimiyyətinin laxlaması mümkün olmayacaq". 

A.Həsrət əlavə edib ki, yaxın günlər ərzində Saakaşvilinin tərəfdarları bu prosesi qətiyyətlə davam etdirsələr, Gürcüstan hakimiyyətinin laxladılması üçün yollar açılacaq: 

"Burada xarici faktorları da nəzərə almaq lazımdır. Bir tərəfdən Rusiyanın, digər tərəfdən də Qərbin təsirləri bütün bu faktorlarda yaxın günlərdə, hətta saatlarda öz təsirini göstərəcək.  Ən əsası  bizim üçün gərəkli olan odur ki,  bu sabitlik pozulmasın.

 Gürcüstanla Azərbaycan arasındakı münasibətlər yenə də olduğu kimi davam etsin. Bütövlükdə region, yəni güney Qafqaz arzuolunmaz proseslərin meydanına çevrilməsin".