Kremlin üzərini qara buludlar alıb


NATO-nun genişlənmək taktikası özünü doğruldur

"Rusiya öz maraqlarını qorumaq üçün davamlı tədbirlər görür". Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov NATO ilə münasibətlərdən danışarkən deyib. "İttifaq dövlətləri müdafiə nazirimizin görülən tədbirlərlə bağlı açıqlamalarını eşitdilər. Yəni bu, daimi prosesdir”, - Peskov söyləyib. Onun sözlərinə görə, Rusiyanın NATO ilə bağlı illüziyaları yoxdur: "Biz Alyansın mahiyyətini bilirik. Onların son addımları məhz bu mahiyyətin təsdiqidir”. 

Peskov vurğulayıb ki, Alyans sülh üçün deyil, qarşıdurma üçün yaradılıb: "O, qarşıdurma üçün nəzərdə tutulub və layihələndirilib və öz funksiyasını yerinə yetirir".

Mövzu ilə bağlı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, Peskovun NATO-ya qarşı inamsızlıq və mənfi fikir söyləməsini Rusiyanın mənafeyi baxımından təbii qarşılamaq lazımdır. O qeyd edib ki, Sovet İttifaqı dağılandan sonra Rusiya və NATO arasında genişlənməni dayandırmaq razılaşmasına rəğmən NATO yenə də öz planlarını davam etdirdi: 

"NATO postsovet ölkələrində, xüsusən də Gürcüstanda, Ukraynada möhkəmlənməyə çalışır. Baltikyanı ölkələr NATO-nun üzvüdür, Şərqi Avropa ölkələri Polşa, Macarıstan, Bolqarıstan və s. də eynilə. Bu baxımdan, Rusiyanın narahatçılığına səbəb var. NATO  Sovet İttifaqına, indi də Rusiyaya qarşı təşkil olunmuş birlikdir. Şərqi Avropa ölkələri öz təhlükəsizliyini NATO-ya üzv olmaqla təmin etməyə məcbur olub. NATO bu ölkələrdə hava hücumundan və nüvə silahından qorunmaq üçün bazalar yerləşdirib. Polşaya quru qoşunları və konvensional silahlar toplayıb. Bunlara səbəb Rusiyadan gələ biləcək təhlükəyə qarşı tədbir görülməsidir. Belə olan halda kimin kimdən şikayət etməsi maraq doğurur. 

Rusiyanın Ukrayna, Gürcüstan və digər Şərqi Avropa ölkələrinin təhlükəsizliyinə təhlükə yaratdığı bir fonda NATO-nun genişlənmə taktikası hesab etmək olar ki, özünü doğruldur".