“Koçaryanın həbsi reallaşa bilər”

Ermənistanın keçmiş Prezidenti Robert Koçaryanın məhkəməsi noyabrın 2-dək təxirə salınıb. Bu barədə hakim Anna Danibekyan məlumat verib. Vəkil Armen Gevorqyan vəsatətinin rədd edilməsinə etirazını bildirib. O, formal olaraq prosesdə iştirak etmək istəmədiyini deyib və məhkəmə zalından çıxıb. Məhkəmə ona xəbərdarlıq edib. Bundan sonra hakim Anna Danibekyan vəkilin iştirak etməməsi səbəbindən iclası təxirə salmaq qərarına gəlib.

Xatırladaq ki, R.Koçaryan külli miqdarda rüşvət almaqda ittiham olunur.

Koçaryanın taleyi barədə “Sherg.az”a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə vurğulayıb ki, ona qarşı siyasi repressiyanın bundan sonra da davam etməsi gözlənilir:

“Noyabrda keçiriləcək məhkəmənin iclasında R.Koçaryana qarşı ittihamaların irəli sürüləcəyi ehtimal olunur. O, nə qədər ki çöldədir.

Paşinyana qarşı müxalifətin birləşməsi, Baş nazirə olan etirazların formalaşmasına şərait yaradacaq addımlar atır. Ona görə də “Paşinyan Koçaryanın başı üzərində “demokl qılıncı” kimi bir məhkəmə sistemi tətbiq edib”. 

Koçaryan Rusiyanın adamıdır və konkret olaraq ona verilən təlimatlara uyğun hərəkət edir. Düşünürəm ki, Koçaryan ölkədə ciddi şəkildə problem yaratsa və Paşinyan görsə ki, onun devrilməsi üçün planlar həyata keçirilir, əlbəttə, məhkəmədə həbs reallaşa bilər”.