Saakaşvili nə vaxt azadlığa buraxılacaq? – ŞƏRH

Ukraynanın ombudsmanı Lyudmila Denisova Gürcüstana gedib. Onun səfəri Gürcüstanın keçmiş prezidenti, Ukrayna vətəndaşı Mixeil Saakaşvili ilə bağlıdır.Xalq müdafiəçisi hazırda siyasətçinin saxlanıldığı Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsindədir. O, M.Saakaşvilinin sağlamlıq durumu və saxlanma şəraiti ilə tanış olacaq.Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Özünü siyasi məhbus hesab edən sabiq dövlət başçısı azad edilməsi tələbi ilə artıq 27-ci gündür aclıq aksiyası keçirir.


Mövzu barədə “Sherg.az”a açıqlama verən siyasi analitik Turab Rzayev bildirib ki, Saakaşvili həm də Ukrayna vətəndaşı olduğu üçün onun hüquqlarını qorumaq Ukrayna dövlətinin borcudur:

“Keçmiş prezidentin Ukrayna prezidenti Vladimir Zelenski ilə də yaxın münasibətləri var. Hətta Zelenski ona vəzifələr təkif etmişdi. Bu baxımdan o da Saakaşvilini həbsdən çıxarmağa çalışacaq. Eyni zamanda Qərb ölkələri eks-prezidentin azad olunmasına, hüquqlarının müdafiəsinə çalışdıqları qədər kömək edəcəklər. Qərbin insan hüquqları ilə bağlı postsovet məkanında ən çox dəstəklədiyi ölkələr Baltikyanı dövlətlər və Ukryanadır. Qərb onların üzərindən Saakaşvilinin azad edilməsi ilə bağlı fəaliyyət göstərəcək”.

Saakaşvilinin nə zamana qədər həbsdə qalacağına gəlincə, analitik qeyd edib ki, seçkilərin ikinici turu yekunlaşmadan onu həbsdən çıxarmamağa çalışacaqlar:

"Məlumdur ki, Gürcüstanın əksər şəhərində seçki keçirilmədi və ikinci tura qaldı. Hətta Tbilisinin mer seçkisi belə ikinci tur üçün təxirə salınıb. Bu baxımdan Gürcüstan hakimiyyəti sabiq prezidenti həbsdə saxlamağa çalışacaq ki, böyük şəhərlərdə qələbəsini rahat şəkildə əldə etsin. Məhz bundan sonra Saakaşvilinin həbsdən çıxarılmasına baxıla bilər".