Ərdoğanın Qarabağ təəssüratı qlobal işlərin nəticəsidir

Tural İsmayılov: "Ərdoğanın Qarabağda 8 ay ərzində görülən möhtəşəm işləri bu qədər obyektiv dəyərləndirməsi  özlüyündə həm də bütün dünyaya mesajdır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında bildirib ki, işğaldan azad edilən bu bölgələrin qısa müddətdə sürətlə inkişaf etməsinə nail olmaq hər siyasətçinin işi deyil. Türkiyə Prezidenti qeyd edib ki, bu qədər qısa müddətdə bu sərmayələrin qoyulması bu torpaqlardan bir zaman zorla ayrılmaq məcburiyyətində qalmış azərbaycanlılar üçün müjdə verməyi mümkün edəcək. Ərdoğan diqqətə çatdırıb ki, Füzulidə bu qədər qısa müddətdə bölgənin qurulması ilə bağlı görülən işlər həm Azərbaycan, həm bölgəmiz üçün qürur mənbəyi və ümidvericidir: 

"Azərbaycan bütün dünyaya örnək olacaq bir inkişaf modeli ilə bu bölgəni inkişaf etdirmək üçün işlərini davam etdirir. Burada təməlini atdığımız tunellər, viyaduklar, yollar buradakı həyatın hansı dərəcədə olduğunu göstərməsi baxımından çox önəmlidir. Bu səylərə liderlik edən İlham Əliyev qardaşımı və hər kəsi, işləri həyata keçirən şirkətləri cani-könüldən təbrik edirəm. Türkiyə olaraq biz də bu işlərdə üzərimizə düşəni etməyə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmağa davam edəcəyik”.

Türkiyə Prezidenti Ərdoğanın təəssüratları, Qarabağda görülən işlər ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov "Şərq"ə açıqlamasında bildirib ki, cənab Rəcəb Tayyib Ərdoğanın Qarabağda görülən işləri yüksək təqdir eləməsi, əslində Azərbaycanın gördüyü işlərin təkcə regionda deyil, qlobal səviyyədə də olduğunu göstərir. Politoloq qeyd edib ki, Ərdoğanın Qarabağda 8 ay ərzində görülən möhtəşəm işləri bu qədər obyektiv dəyərləndirməsi  özlüyündə həm də bütün dünyaya mesajdır:

 "Təbii ki, burda ilk mesaj işğalçı Ermənistana aiddir. Çünki Ermənistan Qarabağı faktiki olaraq 30 ilə yaxın müddətdə işğalda saxladı və nəticədə bütün qlobal layihələrdən təcrid olundu. Qeyd edim ki, Qarabağda "Ağıllı kənd" layihələri də tətbiq olunur ki, bu da texnoloji baxımdan dünya səviyyəli layihələrdən biridir. Eyni zamanda Ərdoğan bütün dünyanı əlaqələndirən və Asiyanı  Avropa ilə birləşdirən dəhlizin açılışında birbaşa iştirak elədi. Ərdoğan Qarabağda dəhlizlərlə bağlı fikirlər səsləndirməklə və quruculuq işlərini dəyərləndirməklə  Azərbaycanın önəmini dünya miqyasında bir daha göstərdi.

Çünki Füzuli Hava Limanı və Qarabağda salınan yeni yollar Asiyanı Avropaya birləşdirən ən rahat marşrutlardan biri olacaq".