"Saakaşvili artıq yeni dövrə, eraya hazırlaşır"

Samir Hümbətov: "Böyük ehtimal ki, növbəti dövrdə Saakaşvilinin yenidən hakimiyyətə gəlmə şansları artmağa doğru gedəcək"

Gürcüstanın Xalq Müdafiəçisi Saakaşvilinin işində üçüncü tərəf olmaq üçün, Strasburq Məhkəməsinə rəsmi müraciət edib. Bu barədə Xalq Müdafiəçisi Nino Lomcaria məlumat verib. Onun sözlərinə görə, Strasburq Məhkəməsi bu tələbi qəbul edərsə, Saakaşvilinin səhhəti ilə bağlı əlində olan məlumatları birbaşa məhkəməyə təqdim etmək imkanı olacaq.

“Gürcü Arzusu” partiyasının üzvü Şalva Papuaşvili, bu tələbə cavab olaraq deyib ki, Xalq Müdafiəçisinin yaratdığı ekspert qrupu, aclıqdan sonrakı reabilitasiya dövrünün necə olduğunu araşdırmaq əvəzinə, Saakaşvilini aclıq aksiyasını dayandırmağa səsləsin. Onun sözlərinə görə, Saakaşvilinin yalnız mülki klinikaya köçürüləcəyi təqdirdə aclıq aksiyasını dayandıracağı bəyanatı yersizdir.

Məsələni şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov “Şərq”ə açıqlamasında vurğulayıb ki, Qərbin Gürcüstanda dəstək verdiyi ən mühüm şəxslərdən biri məhz Saakaşvilidir:

 “Saakaşvilinin Gürcüstana gəlişi heç də təsadüfi bir hal deyil. Bu, nələrəsə hesablanmış bir addımdır. O yaxşı bilirdi ki, tutulacaq, ancaq buna baxmayaraq gəldi. Demək ki, gəlməyinin arxasında da hansısa bir məsələ var. Saakaşvili tutulduqdan sonra Gürcüstanda reytinqi qalxmağa başladı.  

Bu, o deməkdir ki, Saakaşvili artıq yeni eraya, yeni dövrə hazırlaşır. Hesab edirəm ki, bununla bağlı Strasburq Məhkəməsi də rəsmi müraciətə müsbət cavab verə bilər. Ancaq burada əsas önəmli məsələ Saakaşvilinin azadlığa çıxmasıdır.

 Təbii ki, bu olacaq. Çünki biz Gürcüstan prezidentinin əvvəlki çıxışlarına baxanda görürük ki, Saakaşviliyə qarşı birmənalı mövqe var idi. 

O bildirirdi ki, bu məsələdə Saakaşviliyə heç bir yardım olunmayacaq, güzəştə gedilməyəcək. Son çıxışlarda artıq bu fikirdən daşındığı görünür. Çünki Gürcüstan hökumətinə çox böyük basqılar var. 

Hesab edirəm ki, Saakaşvili tək azadlığa çıxmaqla kifayətlənməyəcək, həm də böyük ehtimal ki, növbəti dövrdə Saakaşvilinin yenidən hakimiyyətə gəlmə şansları artmağa doğru gedəcək və bunun reallaşması da istisna deyil”.