Saakaşvilidə təhlükəli beyin xəstəliyi aşkarlandı

ABŞ Gürcüstan hökumətini ədalətli və ləyaqətli davranmağa çağırdı

Asif Nərimanlı: "Qarşıdakı dövrdə Saakaşvilinin tezliklə azad ediləcəyi gözlənilmir, hakimiyyətin mövqeyi də bunu göstərir"

“ABŞ Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin oktyabrın 1-də həbs olunmasından sonra onunla davranışı yaxından izləyir". Bu barədə Dövlət Departamentinin bəyanatında bildirilib. Sənəddə Ombudsman Aparatının apardığı işlər yüksək qiymətləndirilib: "Biz Gürcüstan ombudsmanının onun vəziyyətinin qiymətləndirilməsi üçün müstəqil həkim qrupunun yaradılması üzrə işini yüksək qiymətləndiririk.

Biz israrla Gürcüstan hökumətini Mixeil Saakaşvilini ədalətli və ləyaqətlə müalicə etməyə çağırırıq". ABŞ Dövlət Departamenti həmçinin Gürcüstan hökumətini sabiq prezidentin bütün məhkəmə dinləmələrində iştirakını təmin etməyə çağırıb: “Biz Gürcüstan hökumətini cənab Saakaşviliyə qarşı ədalətli və ləyaqətlə davranmağa, həmçinin ombudsmanın düzgün rəftarla bağlı tövsiyələrini nəzərə almağa çağırırıq. Biz həmçinin Gürcüstan hökumətini ciddi şəkildə tələb edirik ki, cənab Saakaşvilinin beynəlxalq hüquq normalarına uyğun olaraq ona qarşı davam edən cinayət işləri üzrə bütün məhkəmə iclaslarında iştirak etməsini təmin etsin.

 Cənab Saakaşvilinin ədalətli məhkəmə araşdırması hüququ var" deyə sənəddə qeyd olunub. Qeyd edək ki, həbsdə olan sabiq dövlət başçısının ötən gün vəziyyəti pisləşib. Noyabrın 8-də yerləşdirildiyi Tbilisinin Qldani həbsxanasının klinikasında yıxılaraq huşunu itirən siyasətçinin vəziyyəti reanimasiya tədbirləri nəticəsində sabitləşdirilib. 

Gürcüstan Ombudsmanı Aparatının bəyanatında bildirilir ki, Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilidə təhlükəli beyin xəstəliyi aşkarlanıb. Bəyanatda qeyd olunur ki, siyasətçi komaya düşə, nəticədə ölə bilər. Qeyd edək ki, bir müddət öncə sabiq prezident Mixeil Saakaşvili tərəfindən məşhur "Blomberg" nəşrinə məktub göndərilib. O, nəşrdə bildirib ki, ABŞ məni müdafiə etmək üçün hərəkətə keçməsə, bu regionda bütün qərbyönümlü liderlər və əhali üçün qorxunc bir siqnal olacaq.

 Nəşrin məlumatına görə, Mixeil Saakaşvili oktyabrda ölkəyə qayıtmasına səbəb kimi, Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiyadan imtina etməsi və Rusiyanın oyunlarının içində olmasını göstərib. Saakaşvili həmçinin bildirib ki, həbsxanada ona fiziki təzyiq göstərilib, hələ də mülki xəstəxanaya köçürülmür və məhkəmə iclaslarına çıxmasına imkan verilmir. "Gürcü Arzusu" Partiyasının rəhbəri İrakli Kobaxidze aclıq aksiyası keçirən və hazırda vəziyyəti pisləşmiş sabiq prezident Mixeil Saakaşvilinin mülki xəstəxanaya yatırılması mövzusunu şərh edib. Kobaxidze bu barədə müvafiq qurumların qərar qəbul etməli olduğunu bildirib. "Bu məsələ barəsində müvafiq orqanlar qərar qəbul edəcəklər. Əlbəttə ki, səhiyyə və təhlükəsizlik məsələləri bərabər dərəcədə önəmlidir. Onlar cəmiyyətdə belə bir baxış yaratmağa çalışırlar ki, Saakaşvilini mülki klinikaya köçürən kimi ölkədəki bütün problemlər sona çatacaq. Cəmiyyətin bir qismində də bu cür baxış formalaşıb. 

Ancaq bütün bədbəxtliklər onun xəstəxanaya köçürülməsindən sonra baş tutacaq. Buna görə də biz müvafiq qərar qəbul edənədək bütün faktorları nəzərə almalıyıq. Siyasi və təhlükəsizlik baxımından ciddi təhlükələr mövcuddur. Hamı bilir ki, onların (VMH-nın) konkret məqsədləri var və bununla Saakaşvilinin azad edilməsi üçün müəyyən şanslar yaranacağını hesab edirlər. Onlar qan tökmək də daxil olmaqla, hər bir addım ata bilərlər. Əlbəttə ki, biz hər bir insanın sağlamlığına görə cavahdehik. Ancaq heç kim həyatının təhlükə qarşısında qalmasından sığortalanmayıb. Bu siyasi rejimin 9 illik hakimiyyəti dövründə nə qədər insanın həyatını itirdiyini xatırlayın. Biz heç kimə bu imkanı verməməliyik. Buna görə də müvafiq qurumlar məsələ ilə bağlı qərar verdikləri zaman hər iki faktoru nəzərə alacaqlar,"-deyə Kobaxidze əlavə edib.

 Gürcüstanda baş verən son olayları “Şərq”ə şərh edən siyasi-analitik Asif Nərimanlı vurğulayıb ki, Saakaşvilinin səhhətində həqiqətən də problemlər var. Analitik qeyd edib ki, onun səhhətiylə bağlı xəbərlərin tirajlanması, gündəmdə saxlanılması və hər bir detalın gündəmə gətirilməsi Saakaşviliyə dəstəyin əldə edilməsidir: 

“Gürcüstan müxalifəti gündəlik mitinqlər edir, lakin bu, faktiki olaraq onun azad olunmasına təsir etmir. Burada dəstəyin daha çox Qərbdən, Amerikadan alınmasıdır. Çünki Saakaşvili son müraciətlərin birində vəkili vasitəsilə Amerikaya çağırış göndərdi. O bildirdi ki, əgər siz məni xilas etməsəniz, bu, Qərb dəyərlərinin bu coğrafiyada ölməsi deməkdir. Bu onu göstərir ki, Saakaşvili Amerikadan istədiyi dəstəyi ala bilmir. Nə baş verir? Saakaşvili həbs olunacağını bilə-bilə Gürcüstana gəlmişdi. 

Burada hədəf yerli seçkilərlə bağlı idi. O hesab edirdi ki, gürcü xalqı küçəyə çıxacaq və o, ən azından növbədənkənar seçkilərin keçirilməsinə nail ola biləcəkdi. Bu, məsələnin bir tərəfi idi. Bilinirdi ki, Qərb tərəfindən Gürcüstana qarşı oyun qurulub. Qərb tərəfinin həm də məqsədi Gürcüstanın daxilində müəyyən bir təzyiqə nail olmaq idi. 

Çünki Gürcüstan son vaxtlar Rusiya ilə münasibətlərinə rəğmən “3+3” formata gələcəyi barədə müsbət siqnallar vermişdi. Həmin ərəfədə Saakaşvilinin Gürcüstana göndərilməsi bir növ Qərbin Gürcüstan hakimiyyətinə qarşı təzyiq mexanizmi idi, çünki onlar bu formata qarşıdır. Fikrimcə, qarşıdakı dövrdə Saakaşvilinin tezliklə azad ediləcəyi gözlənilmir, hakimiyyətin mövqeyi də bunu göstərir. Həm də Qərbdən daha kəskin reaksiyaların olmaması da buna əsas verir. 

Saakaşvili artıq bu prosesdə qurban getdiyini anlayır. Hesab edirəm ki, qarşıdakı aylarda hakimiyyətə qarşı mitinqlər ola bilər. Bundan artıq qarşıdakı dövrdə hansısa irəliləyişlərin gedəcəyini düşünmürəm”.