Ermənilərin sonuncu müqaviməti də qırıldı

Lavrov deyirsə ki, liderlərin görüşü olacaq, demək razılaşma var

"Rusiya buna qarşılıq Qarabağda rus sülhməramlılarının statusunu təsdiq etdirmək, hətta daha bir neçə beş ilə Qarabağda qalmağı tələb edə bilər"

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçiriləcəyinə əmin olduğunu bildirib. Bu barədə o, Moskvada ATƏT sədri Ann Linde ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. S.Lavrov qeyd edib ki, görüşün baş tutması üçün tərəflərin razılığı olmalıdır. “Əminəm ki, belə bir görüş baş tutacaq”, - deyə rusiyalı nazir vurğulayıb.

Mövzuya münasibət bildirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov “Şərq”ə açıqlamasında bildirib ki, Lavrovun əminliklə görüşün olacağını deməsi onu göstərir ki, son hadisələrdən sonra nəhayət ki, regionda vacib anlaşmaların olması gözləniləndir. Analitikin sözlərinə görə, Ermənistan rəsmilərinin  açıqlamaları da onu deməyə əsas verir ki, nəhayət, onların son müqaviməti də qırılıb: “Lakin nə qədər optimist olsaq da, qarşımızdakı erməni kimi ikiüzlü və Rusiya kimi məkrli dövlətlər var. Ermənistanın müqavimətinin qırılması heç də o demək deyildir ki,  Rusiya imkan verəcək ki, Azərbaycan öz istəklərinə tam nail olsun. Bizə dəhliz lazımdır. Bu dəhlizdən  gələcəkdə tək nəqliyyat üçün yox, Naxçıvanın qazla təminatı üçün qaz boru kəmərləri keçəcək. Hazırda bu işi İran vasitəsi ilə edirik. Biz İrana qazı sərhəddin Azərbaycan tərəfində veririk, əvəzində İran öz qazını Naxçıvan tərəfdən keçən sərhəddə Naxçıvana verir. Prosesin texniki tərəfləri, qaz itkisi bir tərəfə siyasi vəziyyətin də bir o qədər əlverişli olmaması da bu məsələni təhlükə altına alır. İranla olan son gərginlik buna misaldır. Bu baxımdan da, Zəngəzur ərazisindən nəqliyyat üçün ayrılan əraziyə dəhliz statusunun verilməsi bizim siyasi qazancımız olacaq”. 

Politoloq hesab edir ki, Rusiyanın belə bir məsələdə Azərbaycana dəstək olması və razılıq verməsi heç də asan və siyasi baxımdan ucuz başa gəlməyəcək:

 “Rusiya buna qarşılıq Qarabağda rus sülhməramlılarının statusunu təsdiq etdirmək, hətta daha bir neçə beş ilə Qarabağda qalmağı tələb edə bilər. Hər halda Zəngəzur dəhlizi açılmalıdır. Bu, Azərbaycanın əldə etdiyi uğurların üzərinə kölgə salmamalıdır”.