Brüssel görüşü nəticəsiz qalacaq


Ekspert hesab edir ki, əsas razılaşmalar Putinin təşəbbüsü ilə Moskvada gerçəkləşəcək təmaslarda reallaşacaq

“Uzun fasilədən sonra dekabrın 15-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri bir araya gələcək.  Azərbaycan və Ermənistan liderlərinin gec-tez görüşəcəyi bəlli idi. Xüsusilə noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törətməsi və bir müddətdir Zəngəzur dəhlizi ətrafındakı müəmma bu görüşü vacib edirdi”. 

Bu sözləri “Şərq”ə açıqlamasında siyasi-şərhçi Turan Rzayev deyib. Politoloq sözlərinə əlavə edərək bunları söyləyib: 

“Gözlənildiyi kimi, görüşün dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində baş tutacağı açıqlandı. İndiki halda görüşlə bağlı iki maraqlı məqam var. Birincisi, görüşün Moskvada və ya Soçidə deyil, Brüsseldə keçirilməsidir. İkincisi, görüşün Rusiya Prezidenti Vladimir Putin deyil, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilməsidir. Prinsip etibarilə Şarl Mişel vasitəçi ola bilər, lakin moderator yenə də Putindir. Əvvəla, ona görə ki, Putin yaxşı başa düşür ki, görüşün Brüsseldə keçirilməsini Prezident İlham Əliyevdən çox Paşinyan istəyir. Aydın məsələdir ki, Paşinyan prosesin əvvəlindən Aİ-nin sərhədin demarkasiya-delimitasiya prosesində vasitəçi olmasını, bu yolla  bölgədəki güc balansını dəyişməyi istəyir. Putin onu da yaxşı bilir ki, Kremlin prosesdəki dominantlığı gec-tez həm Aİ-nin narazılığına səbəb olacaq, həm də Paşinyana daxildəki antirusiya qüvvələrini artırmağa kömək edəcək. Görünür, Putin Paşinyanın Brüsselin vasitəçiliyi ilə gerçəkləşəcək danışıqlarda ortaya qoyacağı mövqedən narahatdır. Təsadüfi deyil ki, Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də görüşəcəyi xəbəri yayıldıqdan sonra Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.  Kremlin mətbuat xidmətindən yayımlanan məlumatda bildirilib ki, Putin və Paşinyan 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi kontekstində regiondakı vəziyyətin və onun sabitləşdirilməsi üçün görülən tədbirlərin müzakirəsini davam etdiriblər. Görünür, Putin Paşinyanla telefon danışığı zamanı ümumi mövzular ətrafında Ermənistan liderinin mövqeyini müəyyənləşdirməyə çalışıb. Ehtimal ki, Kreml rəhbəri buna nail olub. Azərbaycana gəldikdə isə rəsmi Bakı üçün görüşün Moskvada, Soçidə, yoxsa Brüsseldə keçirilməsinin, ya da vasitəçinin kim olmasının fərqi yoxdur. Rəsmi Bakı üçün maraqlı olan tək şey sərhədlərin demarkasiya-delimitasiya prosesinin yekunlaşması, Zəngəzur dəhlizinin açılmasıdır. Yəni 10 noyabr bəyanatının qeyd-şərtsiz icra edilməsidir”.

Ekspert hesab edir ki, Brüsseldə baş tutacaq və ehtimal ki, uğursuzluqla nəticələnən görüş sonrası 2022-ci ilin ilk həftələrində Putinin təşəbbüsü ilə Soçidə və ya Moskvada görüş keçiriləcək:

 “Ehtimal ki, elə həmin görüşdə də Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edən yeni bəyanat imzalanacaq”.