Ərdoğan 2023-cü ili göstərdi


Türkiyədə bu dəfə prezident seçkiləri Cümhuriyyətin 100 illiyinə təsadüf edəcək və fərqli olacaq

Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməyəcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının əyalət rəhbərlərinin genişləndirilmiş iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyədə növbəti prezident seçkiləri 2023-cü ilin iyun ayında keçiriləcək.
"AK Parti millətimizin qurduğu bir partiyadır. Millətimiz üçün hər bir xidməti həyata keçirmişik. 2023-cü ilə qədər davam edən prosesdə 84 milyon vətəndaşımızın hər birinin qapısına gedib onların könlünü alacağıq. Biz çox çalışacağıq", - deyə R.T.Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyədə müxalifət növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.

Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib ki, 2023-cü il Türkiyədə keçiriləcək seçkilər çox fərqlənəcək: 

“Bu, Türkiyə Cümhuriyyətinin 100 illiyinə təsadüf edəcək. AKP hökumətinin hakimiyyətdə olmasının 20 illiyi ərəfəsi də bu tarixə təsadüf edir. AKP bu iyirmi ildə Türkiyə Cümhuriyyətinin istər daxili, istərsə də xarici siyasətində bir çox dəyişikliklər etdi. Türkiyə dövlətinin idarəçilik şəklini dəyişdirdi. Türkiyənin türk və islam dünyasında nüfuzunu artırdı. Bütün əzilən və istismar olunan müsəlman ölkələrinə ümid yeri oldu”. 

A.Qasımov əlavə edib ki, uzun illərdən bəri həll edilməyən Qarabağ məsələsinin böyük ölçüdə həll edilməsində Azərbaycana kömək etdi: 

“Afrika qitəsindəki Somali, Liviya, Sudan, Nigeriya, Efiopiya və s. ölkələrin daxili siyasətində böyük rol oynadı. Bütün bunları nəzərə alaraq demək olar ki, R.T.Ərdoğan hakimiyyəti tək Türkiyənin deyil, bütün dünyanın siyasətində vacib rol oynadı. Bunlara baxmayaraq, hələ də gələcəyə doğru bir çox planlar və addımlar hazırlayan AKP hakimiyyəti, hesab edirəm ki, 2023-cü ildə də qələbə qazanacaq. Təbii ki, bu zəfərə  MHP də dəstək olacaq”.