"Aİ Qarabağ prosesinə Rusiyadan daha çox töhfə verə bilər" - ŞƏRH


Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat  yayıb.

Bu barədə Aİ Şurasının rəsmi saytında məlumat verilib. Bəyanatda Şarl Mişelin Cənubi Qafqaz regionunda inkişaf edən vəziyyət və Aİ-nin hər iki ölkə ilə əlaqələrinin gələcək istiqamətini müzakirə etmək üçün tərəfləri qəbul etdiyi qeyd olunub.

 Bildirilib ki, Ş.Mişel hər iki lideri Aİ-nin hərtərəfli sülh sazişi ilə dəstəklənən regionda davamlı sülhün təmin edilməsi məqsədilə münaqişənin aradan qaldırılmasında, əməkdaşlıq və etimad mühitinin yaradılmasında Ermənistan və Azərbaycanla yaxından işləmək öhdəliyinə sadiq olduğuna əmin edib. 

Regionda yaşayan bütün insanların rifahı üçün təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz qurmağın hər üç tərəfin başlıca amalı olduğu deyilib. 

Azərbaycan və Ermənistan liderləri 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli iki üçtərəfli bəyanat çərçivəsində götürülmüş əsas öhdəliklərə əməl ediləcəyini və 26 noyabr 2021-ci ildə Soçidə əldə edilmiş anlaşmaların reallaşmalı olduğunu təsdiqləyiblər. Şarl Mişel tərəflərin sərhəddəki son silahlı toqquşmalardan sonra gərginliyin azaldılması üçün hər iki liderin atdığı addımları yüksək qiymətləndirib. Onun köməkliyi ilə hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa rabitə əlaqəsinin uğurla qurulması və bu mexanizmin gələcəkdə baş verə biləcək insidentlərin qarşısını almağa müsbət təsir göstərə biləcəyi vurğulanıb. Aİ Şurasının Prezidenti əsas humanitar məsələlərin həllinin vacibliyindən danışarkən Azərbaycan tərəfindən bu yaxınlarda on erməni məhbusun azad edilməsini alqışlayıb. Ş.Mişel tərəflərin humanitar jestlərinin etimadı gücləndirdiyini və sülhə doğru irəliləyiş üçün əlverişli mühitin yaratdığını söyləyərək onları digər saxlanılanların azad edilməsi və itkin düşmüş şəxslərin taleyinin həlli kimi bütün humanitar problemlərin tez həllinə çağırıb. Avropa İttifaqının humanitar minatəmizləmə səylərini, həmçinin, ekspert məsləhəti və münaqişədən təsirlənmiş əhaliyə yardım, reabilitasiya və rekonstruksiyaya dəstək verməyə davam edəcəyi bildirilib. Liderlər Aİ ilə hər iki ölkə arasında mövcud və perspektiv əsas ticarət-iqtisadi tərəfdaşlıqları müzakirə ediblər. Avropa İttifaqının  hər iki ölkəyə texniki yardım göstərməklə sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərini dəstəkləmək üçün ekspert missiyası, məsləhətçi qrupu təqdim edəcəyi deyilib. Ermənistanla Azərbaycan arasında gömrük nəzarəti üçün müvafiq tədbirlər görülməklə, dəmir yolu xətlərinin bərpasına davam etmək razılaşdırılıb. Aİ özünün İqtisadi və İnvestisiya Planına uyğun olaraq əlaqələnmə xətlərinin inkişafına dəstək verməyə hazır olduğunu qeyd edib. Liderlər görüşlərinin nəticələrini izləmək və əlaqədə qalmaq barədə razılığa gəliblər. Maraqlıdır, Brüssel görüşünü  təşkil edən Avropa  İttifaqının  prosesdə əsas  maraqları nədir?  

Mövzunu “Şərq"ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, görüşdə  Azərbaycan tərəfinin təqdim etdiyi təkliflər sülhə və tərəfdaşlığa  xidmət etdiyi üçün Avropa İttifaqı bu reallığı birmənalı olaraq dəstəkləyib: 

“Brüsseldə Azərbaycan-Ermənistan arasında dəmir yol xəttinin razılaşdırıması, 10 noyabr, 11 yanvar və 26 noyabr  Soçi bəyannaməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi  ilə bağlı tərəflərin ümumi razılığa gəlməsi, əlbəttə ki,  Avropa İttifaqının sülh prosesinə verdiyi töhfədir. Amma Aİ görüşdə konkret olaraq hər hansı bir yazılı sənədlə çıxış etmədi və Ermənistanın üzərinə yazılı sənədlə öhdəlik qoymadı. Sadəcə olaraq qeyd etdiyim kimi, Rusiyanın vasitəçiliyi ilə əldə olunan üç razılaşmanın həyata keçirilməsini, sülh prosesinə yaxınlaşma təmaslarının davam etdirilməsi  kimi məsələlər razılaşdırıldı”.

 Politoloq Avropa İttifaqının daha qətiyyətli addım atacağı təqdirdə prosesə Rusiyadan daha çox töhfə verə biləcəyini söyləyib: 

“ Fikir versək görərik ki, Aİ-nin bəyanatında hər hansı bir tərəfdən Dağlıq Qarabağ münaqişəsinə yer verilmədi. Amma Soçi görüşündə  biz Rusiya prezidentinin Dağlıq Qarabağ ifadəsini işlətmək istədiyinin şahidi olduq. Təbii olaraq  dövlət başçısı İlham Əliyev bunun qarşısını yerindəcə aldı. Brüssel görüşündə isə belə bir halın şahidi olmadıq. Çünki Avropa İttifaqı konfliktin davam etdirilməsində maraqlı deyil”. 

M.Əsədullazadə hər iki ölkənin Şərq tərəfdaşlığı çərçivəsində Aİ-yə tərəfdaş olduğunu xatırladıb və  Avropa İttifaqının öz qonşuluğunda münaqişə istəmədiyini diqqətə çatdırıb: 

“Ona görə də Aİ Azərbaycanın sülh təkliflərini konkret olaraq qəbul edir və dəstəkləyir, bunu sülhə aparacaq bir yol kimi dəyərləndirir”.