Minsk qrupunun inadkarlığı keçmişdə qaldı:Fəaliyyət istiqamətini dəyişməlidir!

“Onun kömək edə biləcəyi əsas məsələlər sərhədlərin delimitasiya və demarikasiyası, məcburi köçkünlərin Qarabağa, Xankəndi və ətraf ərazilərə qayıtmasıdır”

“Bu ərazilərdəki qondarma rejimin tabeliyində olan terrorçu qruplaşmalar çıxarılmalı, BMT-nin qətnamələrinə, Avropa İttifaqı və Avropa Şurasının vaxtilə qəbul etdiyi qərarlara uyğun olaraq Minsk qrupu da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz fəaliyyətini tənzimləməlidir” 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Sammitində çıxış edib. Ölkəmizin başçısı Şarl Mişelin təşəbbüsü ilə dekabrın 14-də Ermənistanın baş naziri ilə arasında 5 saata yaxın davam edən müzakirələrin konstruktiv mühitdə keçdiyini bildirib. Azərbaycan liderinin çıxışı zamanı toxunduğu mövzulardan biri də ATƏT-in Minsk qrupunun fəaliyyəti olub. Prezident Minsk qrupunun roluna diqqət çəkərək 28 il ərzində aparılan danışıqlarda hər hansı bir nəticənin hasil olmadığını və Azərbaycanın ATƏT-in Minsk qrupundan yeni geosiyasi reallığa uyğun cavab gözlədiyini söyləyib. Eyni zamanda bu xüsusda rəsmi Bakının, Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması,etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk qrupu tərəfindən kömək göstərilə biləcəyini deyib.  

Maraqlıdır, istər müharibə dövründə, istərsə də ondan sonrakı dönəmdə öz “fəaliyyəti” ilə “parlaq performans” sərgiləyən Minsk qrupu bu çağırışa necə cavab verəcək?

Mövzunu “Sherg.az” a dəyərləndirən BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli bildirib ki, Avropa İttifaqının Sammitində, eləcə də  üçtərəfli görüşlərdə  Minsk qrupu haqqında qətiyyən danışılmayıb:

 “Aİ üçün Minsk qrupu böyük önəm kəsb etmir. Əvvəlki illərdə isə o Minsk qrupunu daim diqqətdə saxlayırdı. Amma bu dəfə proseslər artıq Azərbaycanın təsiri ilə elə dəyişdi ki, Minsk qrupunun fəaliyyəti bütünlükdə diqqət mərkəzindən uzaqlaşdırıldı. Ölkə başçısı Sammitdəki çıxışında Minsk qrupunun fəaliyyət istiqamətini dəyişdirib ənənəvi fəaliyyətdən kənara çıxmalı olduğunu dedi. Çünki artıq status məsələsi, Minsk qrupunun əvvəlki  inadkarlıqla tərəflər arasındakı  məsələni çözmək istəyi və s. bunlar hamısı keçmişdə qaldı.Bu baxımdan əgər beynəlxalq təşkilat olaraq ATƏT öz nüfuzunu saxlamaq və Minsk qrupunun fəaliyyətini gündəmə gətirmək istəyirsə, mövcud reallığı nəzərə alıb, post-müharibə dövrünün gerçəkliyi nəzərdən keçirməlidir. Hər iki tərəfi ilk növbədə də Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq maraqlarını diqqətə alıb öz fəaliyyətini yenidən qurmalıdır”. 

S.Məmmədli Minsk qrupunun bundan sonrakı fəaliyyətini necə qurmalı olduğuna diqqət çəkib:

 “Bu o deməkdir ki, o ilk növbədə BMT-nin vaxtilə qəbul etdiyi dörd qətnamədə xüsusi vurğulanan maddələrin üzərində öz fəaliyyətini akivləşdirməlidir. Maddələrdə  Azərbaycan ərazisindən erməni silahlı birləşmələri çıxarılmalı olduğu xüsusi vurğulanıb. Eləcə də Azərbaycan ərazisində yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşlar öz doğma yurduna qayıtmalıdır. Bu prosessə Azərbaycanın və region ölkələrinin ərazi bütövlüyü çərçivəsində baş verməlidir. Artıq bəzi Avropa liderlərinin Minsk qrupunun dirçəlməsinə təsir etmək imkanları məhdudlaşıb. Onun fəaliyyəti demək olar ki, donub. Bütün bunları nəzərə alaraq o öz fəaliyyətini Azərbaycanın irəli sürdüyü şərtləri nəzərə alıb,həqiqi, yeni dünya düzəninə, Cənubi Qafqazda baş verən hadisələrə uyğun qurmalıdır”. 

Professor ATƏT-in Minsk qrupununun ölkə başçısının da dediyi kimi bundan sonrakı fəaliyyətində Ermənistan-Azərbaycan münasibətlərinə yardım edə biləcəyi istiqamətlərə toxunub:

 “Onun kömək edə biləcəyi əsas məsələlər sərhədlərin delimitasiya və demarikasiyası, məcburi köçkünlərin Qarabağa, Xankəndi və ətraf ərazilərə qayıtmasıdır.Bu ərazilərdəki qondarma rejimin tabeliyində olan terrorçu qruplaşmalar çıxarılmalı, real obyektiv beynəlxalq hüquq normalarına, BMT-nin qətnamələrinə, Avropa İttifaqı və Avropa Şurasının vaxtilə qəbul etdiyi qərarlara uyğun olaraq Minsk qrupu da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz fəaliyyətini tənzimləməlidir”.