Yenə Qarabağ, yenə ikili standartlar...

“Bizim hərbi cinayətkar dediyimiz ermənilərin azad edilməsini Avropa İttifaqı, ABŞ,  eləcə də Rusiya  alqışlayır, amma...”

“...Qarabağdakı ermənilərin tərk-silah edilməsi, dislokasiyasının aradan qalxması üçün erməni hərbçilərin ordan çıxarılması ilə bağlı Qərb ölkələrinin heç biri fikir irəli sürməyib”


Xəbər verdiyimiz kimi, rəsmi Bakı 19 dekabr 2021-ci ildə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistana təhvil verdi. Xatırladaq ki, həmin şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıblar. Beləcə Azərbaycan Brüssel görüşündən sonra özünün humanizm prinsiplərinə sadiqliyini bir daha göstərdi. Fransa Prezidenti Emmanuel Makron eləcə də  ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bununla bağlı “Twiter” hesabında paylaşım edib. Hər iki ölkə öz növbəsində  Azərbaycan tərəfinin bu addımı alqışlayıb.

 Bəs, rəsmi Bakının  atdığı bu cür humanist addımları alqışlayan Qərb Qarabağdakı erməni separatçıların ordan çıxarması üçün  niyə heç bir iradə ortaya qoymur? Qərbin hazırkı mövqeyindən “Sherg.az”a danışan analitik Turab Rzayev bildirib ki, bu məqamda da birtərəfli münasibət görürük:

“Bizim hərbi cinayətkar dediyimiz şəxslərin azad edilməsini Avropa İttifaqı, ABŞ eləcə də Rusiya  alqışlayır. Burda maraqlı məqam odur ki onlar məsələyə rəsmi İrəvanın mövqeyindən yanaşırlar. Məsələn, biz mina xəritələrinin Azərbaycan tərəfinə təqdim edilməsi ilə bağlı İtaliyadan başqa hər hansısa bir Avropa ölkəsindən belə bir çağırış görməmişik. Eyni zamanda Qarabağda qalmış ermənilərin  silahsızlaşdırılması, tərk-silah edilməsi, dislokasiyasının aradan qalxması üçün erməni hərbçilərin ordan çıxarılması ilə bağlı da Qərb ölkələrinin heç biri fikir irəli sürməyib”.

T.Rzayevə görə bu, həmin ölkələrin hadisələrə neytral yanaşmasından daha çox rəsmi İrəvanın mövqeyi ilə üst-üstə düşür:

“Rusiyanın timsalında da belə bitərəf yanaşma özünü göstərir. Halbuki  sülh bəyanatında açıq şəkildə erməni silahlı birləşmələrinin bu ərazilərdən çıxarılmalı olduğu qeyd olunub. Lakin biz yenə məsələ ilə bağlı heç bir addımın atılmadığını, ermənilərin Qarabağ ərazilərinə ziyarət etdiyini görürük. Rusiya sülhməramlıları isə onları tərk-silah etməkdə maraqlı görünmür. Hətta özünü qondarma rejimin “müdafiə naziri” adlandıran şəxsi bura  dəvət edir, ərazini gözdən keçirir, müəyyən qədər onları legitimləşdirmək addımları da atırlar”.

Analitik belə bitərəf addımlardan birin də bu yaxında Fransadan gördüyümüzü xatırladaraq Azərbaycanın atdığı humanist addımı alqışlayan Qərb dövlətlərinə diqqət çəkib: 

“Fransa ilk dəfə Ağdama öz səfirini göndərdi. Amma eyni gündə də Qarabağdakı qondarma qurumun nümayəndələrini Fransada  parlament səviyyəsində qəbul etdi. Belə olduqda dediyiniz prosesin həyata keçirilməsində belə Qərb ölkərindən neytral mövqe və hansısa təklif gözləmək  təbii ki absurddur”.