İran Azərbaycan və Türkiyə "qapılarını açır" – Səhvini anlayıb!

“Son zamanlar rəsmi Tehran “3+3 formatı”nı, Zəngəzur dəhlizinin açılması məsələsini dəstəklədiyini bildirir”

“Bu, dövlətlər arasında əməkdaşlıqla bağlı razılaşmaların olduğunu göstərir”


Xəbər verdiyimiz kimi,19 dekabr tarixində İslam Əməkdaşlıq Təşkilatının İslamabadda keçirilən iclası çərçivəsində İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycan XİN başçısı Ceyhun Bayramovla görüşüb. Görüş zamanı tərəflər iki ölkə arasındakı əlaqələrinin inkişafından məmnunluğunu bildirib. Dövlətlər arasındakı əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Sonda C.Bayramov iranlı həmkarını Bakıya səfərə dəvət edib.Xatırladaq ki,dekabrın 20-də keçirilən həftəlik brifinqdə İran XİN sözçüsü Səid Xəttabi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfər edəcəyini söyləyib. O bildirib ki, hazırda  görüş üçün hazırlıq işləri görülür. Maraqlıdır, son dönəm rəsmi Tehranın Azərbaycan və Türkiyəyə  “isti münasibəti”nin əsas səbəblər nələrdir və bu dövlətlər arasındakı mövcud münasibətlər perpektivdə nələr vəd edir?

Bir müddət öncə İranın rəsmisinin Bakı ilə münasibətlərdə yaratdığı gərginliyi xatırladan politoloq Sədrəddin Soltan “Sherg.az”a deyib ki, bu gərginlik hərbi hədələrə qədər yüksəldi:

“Bəziləri ehtiaml edirdilər ki, Azərbaycanla İran arasında hansısa hərbi toqquşma baş verəcək.Bunların hamısı kimlərinsə baş tutmayan arzusu idi.İndi İran çalışır ki, hansısa təhdidlərlə özünün Azərbaycana qarşı atdığı o yanlış addımları ört- basdır etsin. Məsəl üçün, Azərbaycan ərazisində ermənilər tərəfindən fəaliyyət göstərən şirkətləri Qafan-Gorus yolu ilə qanunsuz hərəkətlər və s. bu qəbildəndir”.

Politoloq rəsmi Tehranın axır ki, qonşu dövlətlərlə arasındakı münasibətlərdə ən yaxşı yolun qarşılıqlı əməkdaşlıqdan keçdiyini başa düşdüyünü söyləyib:

“Beləcə onun qonşu dövlətlərlə dialoqları başladı.Türkmənistan qazının tranzit yolu ilə Azərbaycana burdan da İranın beş əyalətinə ötürülməsi də həmin dialoqların nəticəsidir. Son zamanlar rəsmi Tehran “3+3 formatı”nı, Zəngəzur dəhlizinin açılması məsələsini dəstəklədiyini bildirir. Bu, dövlətlər arasında əməkdaşlıqla bağlı razılaşmaların olduğunu göstərir”.

S.Soltan İran XİN başçısının ölkəmizə edəcəyi səfərə toxunaraq burda başlıca müzakirə mövzusunun perspektiv əməkdaşlıq məsələləri olacağını deyib: 

“Hətta ola bilər ki, o çox böyük ehtimalla Cənub–Şimal dəhlizinin sınağ açılışında iştirak etsin. Bu xətt Hindistandan başlayaraq körfəzə, ordan İrana, daha sonra Azərbaycana, burdan da Rusiya ərazisinə qədər uzanır.Yol isə İrandan Azərbaycana Gürcüstana Qara dənizə və Avropaya gedir. Bütün hallarda İran XİN başçısının ölkəmizə səfəri hər iki dövlətin qarşılıqlı əməkdaşlığı üçün fürsətdir”. 

Politoloq eyni zamanda Türkiyə prezidentinin İrana planlaşdırılan səfərinə diqqət çəkib:

“Bu səfərdə iki ölkə arasında böyük müqavilələrin imzalanacağı gözlənilir. Ola bilsin həmin məsələlərdə Azərbaycana aid hansısa detallar da var. Səfər proqramı açıqlanmayıb, amma məlumdur ki, bu rəsmi yox işgüzar səfərdir. Bütün hallarda əməkdaşlıq üçün nazirlik nümayəndələrinin, dövlət rəsmilərinin belə səfərləri ölkələr arasındakı münasibətlərin normallaşmasına şərait yaradır”.