“İran da “pay umur”” - ŞƏRH 

“Rəsmi Tehranın işğaldan azad edilmiş Azərbaycan ərazilərində müəyyən infrastruktur layihələrində yer alması onun  müəyyən iqtisadi pay almaq istədiyini göstərir”

“Buna görə də Azərbaycanla yaxınlaşmağa, ölkəmizə olan soyuq münasibəti, sərt ritorikanı dəyişməyə ehtiyac duyur. Bu, əslində gözlədiyimiz addım idi”


Xəbər verdiyimiz kimi, ötən gün İran xarici işlər naziri ölkəmizə səfər edib. Bağlı qapılar arxasında keçirilən görüşdən sonra Azərbaycan XİN başçısı Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birgə mətbuat konfransı keçirib. Müzakirə zamanı C.Bayramov bildirib ki, İran şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki layihələrdə iştirak edə bilər. Görüşdə həmçinin İranın işğaldan azad edilmiş ərazilərə investisiya yatırmaq imkanları ətrafında da fikir mübadiləsi aparılıb. 

Rəsmi Tehranın vaxtilə işğal altında olan Azərbaycan torpaqalarının erməni tapdağından azad edilməsinə qarşı çıxması, hər vəclə bu prosesin qarşısını almağa çalışması hər kəsə məlumdur.Maraqlıdır, Qarabağın işğaldan azad edilməsinə  əngəl törədən cənub qonşumuz indi həmin ərazilərin bərpasına investisya yatırmaqda niyə bu qədər maraqlıdır?  

İran məlum addımlarını “Sherg,az”a şərh edən analitik Turab Rzayev bildirib ki, bütün dünya ölkələrinin iki əsas marağı olur: siyasi və iqtisadi. Siyasi maraq ölkələrin geopolitik vəziyyəti, indiki və gələcək siyasətdə ətrafda baş verəcək hadisələrin onların ümumi inkişaf strategiyasına, milli təhlükəsizliyinə və s. olan münasibəti ilə ölçülür. İqtisadi maraq isə həmin ölkələrin nə qədər iqtisadi gəlir əldə edə etməsi, gələcəkdə iqtisadi cəhətdən özünü necə təmin edəcəyi və  iqtisadi layihələrdə pay alması ilə bağlıdır:

“İqtisadi güc öz ardınca siyasi qüdrəti gətirir”.

Siyasi şərhçi İranın müharibənin gedişatı dövründəki davranışlarına diqqət çəkib: 

“Biz gördük ki,İranın çoxlu narazılığı var. Bunlardan biri də su anbarı ilə bağlı idi. Xatırlayırsınızsa, hətta Araz boyu Horadiz istiqamətində bizim əsgərlərin qarşını kəsmişdilər ki, guya bunlar su anbarını müdafiə edirlər. Daha sonra Hadruta İrandan gələn qazla bağlı bəzi xəbərlər eşitdik. Hətta rəsmi Teheranın buna müəyyən investisiya qoyduğu da iddia olunurdu. Bu dönəm rəsmi Tehran çirkli pul yuma arealının eyni şəkildə gizli, qeydiyyatsız ticarətlə bağlı ciddi ticarət istiqamətlərindən birini itirdi. Bütün bunlar yekunda onu çox böyük zərərə məruz qoydu. Münaqişə dövründə İran siyasi cəhətdən də izolyasiya olundu. Hətta Rusiya belə onun Azərbaycana qarşı tezislərini, aqressiyasını dəstəkləmədi”. 

T.Rzayev vurğulayıb ki, hazırda rəsmi Tehran  çirkli pul, narkotik dövriyyəsindən, qeydiyyatsız ticarətdən, qaz satışı, enerji materialı satışından itirdiyini qazanmağa çalışır: 

“Digər tərəfdən isə  yeni yaranmış siyasi vəziyyətdə pozitiv düşünür. Rusiya, Türkiyə, Avropa ölkələrinin gücləndiyini görüb özü də hər hansı şəkildə siyasi cəhətdən itirdiyi nüfuzunu kompensasiya etmək üçün iqtisadi bir mənfəət əldə etməyə çalışır. Bunun ilkin addımını da biz Azərbaycanın İranın üzərindən Türkmənistanın qaz almasına razılıq verdiyi anda görüdük. Çünki bu qazın tranziti əvəzinə rəsmi Tehran maddi resurs və ya təbii qaz şəkilində müəyyən qədər qazanc əldə edir. Sirr deyil ki, İran öz əhalisinə təbii qaz çatdırmaqda əziyyət çəkir. Bu  proses onu müəyyən qədər ödənişsiz qazla və ya valyuta ilə təmin etdi”. 

Ekspertin qənaətincə, İranın işğaldan azad edilmiş ərazilərdə müəyyən infrastruktur layihələrində yer alması onun  müəyyən iqtisadi pay almaq istədiyini göstərir:

 ““Buna görə də Azərbaycanla yaxınlaşmağa, ölkəmizə olan soyuq münasibəti, sərt ritorikanı dəyişməyə ehtiyac duyur. Bu, əslində gözlədiyimiz addım idi. Bu, əslində gözlədiyimiz addım idi. Onsuzda biz bütün ölkələrlə iqtisadi əməkdaşlığa açıq olduğumuzu bəyan etmişik. Avropa İttifaqına da bu barədə təklif etmişik. İşğaldan azad olunmuş ərazilərin yenidənqurmaya ehtiyacı var. Bu ərazilər tamamilə dağıdılıb. Kömək edə bilən, dəstək verə bilən varsa, buyursun. Amma bizimlə şantaj dilində danışan, təzyiq göstərən heç bir dövlətlə iqtisadi layihədə iştirak edə bilmərik”.