Putin Azərbaycan Prezidentinin liderlik xüsusiyyətlərini yüksək qiymətləndirib

“Onun çoxlu məziyyətləri var, düzdür, yubilyarlar haqqında həmişə belə deyilir... Ola bilər ki, onunla nədəsə razılığa gəlmək çətin olur, bu, xüsusilə əsas məsələlərdə asan proses deyil. Lakin razılığa gəlinirsə, tam əmin olun ki, vəd yerinə yetiriləcək”.

“Report”un məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin AzTV-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar hazırladığı “Prezident. Təkrarsız diplomatiya” adlı sənədli filmdə bildirib.

“Bu, istənilən insanın əsas xarakterik xüsusiyyətlərindəndir, siyasətlə məşğul olanlar üçünsə ikiqat vacibdir. Mən onu uzun illərdir tanıyıram. Yüksək vəzifə tutan hər bir ləyaqətli insan kimi, onun həyatının əsas məqsədi ölkəsini, Azərbaycan xalqını xoşbəxt görməkdir. Odur ki, ilk növbədə, ona həyat məqsədlərini, həyat münasibətlərini reallaşdırmaqda uğurlu olmasını arzulayıram”, - dövlət başçısı bildirib.

“Səhv etmirəmsə, Azərbaycan folklorunda belə bir atalar sözü, məsəl var: “Əsl dost əsrlər sonra da dostdur”. O bilməlidir ki, onun Rusiyada da dostları var. Ümid edirəm ki, o da bizə, Rusiyaya bu hisslərlə yanaşır. Ona hər şeyin ən yaxşısını arzulayıram və yubiley münasibətilə təbrik edirəm!”, - Rusiya Prezidenti vurğulayıb.