Qarabağdakı separatçılar “dalana dirənib”! – Kütləvi dava, silahlı insidentlər...

Dekabrın 23-də gecə saatlarında Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında kütləvi dava baş verib.
Ermənistan mətbuatında yer alan məlumata görə, hadisə Xocavəndin Yemişcan yaşayış məntəqəsi ərazisində qeydə alınıb. “İrəvan erməniləri” (Ermənistandan olan – red.) ilə “Qarabağ erməniləri” arasında mübahisə yaranıb.

Spirtli içkinin təsiri ilə tezliklə mübahisə davaya çevrilib. Kütləvi dava zamanı Samvel Minasyan və Qor Akopyan adlı şəxslər ağır yaralanıb.

Qeyd edək ki, özbaşınalığın hökm sürdüyü qanunsuz erməni silahlı birləşmələri arasında bu cür insidentlər ilk dəfə deyil ki, yaşanır. Spirtli içki və narkotik vasitələrdən istifadə hallarının sayının olduqca yüksək olduğu bu birləşmələrlə bağlı insidentlər vaxtaşırı erməni mətbuatında yer alır.

Millət vəkili Elman Məmmədov da “Sherg.az”a açıqlamasında Qarabağ erməniləri ilə İrəvan erməniləri arasında uzun bir tarixə malik  narazılıqlar mövcud olduğunu deyib: 

“Yayılan məlumat həqiqətə uyğundur. Bu ilk hadisə deyil. Sovetlər dönəmindən bu söz-söhbət böyüdü. Gah ciddi, gah zaraftla deyirdilər. İrəvan erməniləri Qarabağ ermənilərini əsl erməni kimi görmür və qəbul etmirdilər. Ermənicə onlara “şurdvas”(dönmüş, sonradan erməniləşmiş”) deyirdilər. Həqiqətən də, belədir. Bilinmir, kökləri haradan gəlir. Mənşəyləri naməlumdur. Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın bir videosu var. Dəfələrlə özünə ermənicə "mən albanam"deyir. Biz görürük ki, bünövrədən bunlarda belə gedir”.

Parlamentari bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra İrəvan erməniləri” ilə Qarabağ erməniləri arasında münaqişə daha da dərinləşir:

“Ermənistanda yaşayan ermənilər və dünya ermənilərinin beş hissəsi etiraz edirdi ki, niyə onlara aid olmayan torpaqlar üçün canlarından keçməlidirlər. Qarabağ ermənilərini ittiham etdilər ki, siz heç özünüz orada vuruşmaq istəmirsiniz, biz gəlib sizin üçün döyüşürük”.

Deputat bu gün də onların həm hərbi, həm də mülki həyatında ciddi problemlərin olduğunu vurğulayıb:

“Hərbi hissələrdə də vaxtaşırı toqquşmalar yaranıb, hadisələr baş verib, ölümlər olub. Artıq Ermənistan erməniləri açıq şəkildə bəyan edirlər ki, biz övladlarımızı bizə məxsus olmayan bir ərazi üçün niyə qurban verməliyik. Separatçılar hər cəhətdən “dalan dirənir”. Bu cür proseslər bizim xeyirimizədir”.

Cəmilə ƏZİM