Akardan mətnaltı mesaj:“... Azərbaycan güc tətbiq edəcək” – Sirr pərdəsi çəkilir!


“Ermənistan uzadılan barışıq əlini tezliklə qəbul etməlidir”


Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ermənistana çağırış edib. O, bildirb ki, İrəvan uzadılan sülh əlini zəiflik əlaməti olaraq görməməlidir. Nazir insanların əmin-amanlıq və firavanlıq içində yaşamasına ümid etdiyini vurğulayıb. H.Akar qeyd edib ki, barışıq məsələsini Azərbaycan və Türkiyə prezidentləri dəfələrlə dilə gətiriblər. Ermənistana blokadadan çıxmaq üçün real şans yaranıb. Türkiyə ilə sərhədlərin açılması və bir çox perspektivli məsələlər İrəvanın sülh üçün real addım atmasından asılı olacaq. 

Nikol Paşinyanın Naxçıvanla Azərbaycanı birləşdirən dəmir yolu xəttinin bərpasına maliyyə ayırması, avtomobil yolunun bərpa edilə biləcəyi fikrini söyləməsi sülhə töhfəsini verəcək.

Akarın barışıq çağırışına münasibət bildirən siyasi elmlər doktoru Cümşüd Nuriyev “Sherg.az”a bildirib ki, prezident İlham Əliyev Azərbaycanın sülhə hazır olduğu fikrini kifayət qədər səsləndirib. Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsinin bağlanmağını istəyir. Lakin Ermənistandakı revanşist qüvvələr və onlara xaricdən dəstək verən qüvvələrin başqa arzuları var:

"Ona görə də, sülh müqaviləsinin imzalanması prosesi ləngiyir. Nəzərə alaq ki, bütün müharibələrin sonu sülhlə bitir. Digər aspektdən Rusiya sülh imzalanmasının tərəfdarı deyil. Çünki razılıq olarsa, Ermənistan Azərbaycanın ərazi bütovlüyünü tanımaq və iddialarından əl çəkmək məcburiyyətində qalacaq. Nəticədə Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının taleyi Azərbaycandan asılı olacaq.

Vaşinqton isə İrəvanı Moskvanın siyasi nəzarətindən çıxarmaq istəyir. Buna görə də, hələlik barışığın olmasının tərəfdarı deyil. Rəsmi Tehranla dövlət səviyyəsində müsbət addımlar atılsa da, İrandakı müəyyən qüvvələr də Ermənistanla Azərbaycan arasında razılığın əldə olunmasına qarşı çıxırlar.

Türkiyənin sülh müqaviləsinin bağlanmasında vasitəçilik etməsi həmin dövlətlərə siqnaldır. Ötürülmək istənilən mesajda “sülh müqaviləsi olmazsa, istənilən an Azərbaycan güc tətbiq edəcək” fikri yatır. Ermənistan uzadılan barışıq əlini tezliklə qəbul etməlidir”.

Xanlar ƏLİBƏY