Qərb bir az da dirəniş göstərsə Rusiya dayanacaq  - ŞƏRH

"Müharibə mövcud situasiyada  Kremlə heç bir halda zəfər  vəd etmir" 

ABŞ-ın vitse-prezidenti Kamala Harris “CBS News” telekanalına müsahibə verib. O bildirib ki, Ağ Ev  Ukrayna ilə bağlı vəziyyətə görə Rusiyaya qarşı “görünməmiş” sanksiyalar tətbiq edə bilər : “Biz açıq şəkildə bildiririk ki, Rusiya Ukraynanın suverenliyinə müdaxilə etməməlidir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Bununla bağlı müttəfiqlərimizlə işləyirik və əvvəllər görünməmiş sanksiyaları tətbiq etməyə hazır olduğumuzu açıq şəkildə bildiririk.

Digər tərəfdən “The Washington Post”qəzetində Avropa İttifaqında (Aİ) Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı müzakirələrin başladığı haqqında məlumat verilib. Bildirilir ki,  Aİ Rusiyanı Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə yeni sanksiyalar tətbiq etməklə hədələyib. Aİ-nin xarici siyasətində qərarların qəbulu bütün üzv dövlətlərin razılığı əsasında qəbul edilir. Amma bir çox Avropa ölkələri sanksiyalara ehtiyac olmadığını bildirdikləri üçün bu məsələdə ölkələr arasında hələ ki, razılaşma əldə edilməyib.
 Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 31 yanvar 2022-ci il tarixinə qədər uzadıb.

Görünən odur ki, rəsmi Moskva Ağ Ev-in və Aİ-nın hazırkı mövqeyinə qarşı hansısa addımlar atmağa hazırlaşır. Belə olduğu təqdirdə Qərb Rusiyaya qarşı indiki davranışlarından geri çəkilə bilərmi?

Politoloq Natiq Miri “Sherg.az”a açıqlamasında bildirib ki, ABŞ və Avropa İttifaqının  iqtisadi sanksiyaların tətbiqinə dair açıqlamaları daha çox çəkindirici xarakter daşıyır:























 “İstəyirlər ki, Rusiya yaratdığı hərbi böhran vəziyyətindən geri çəkilsin və müəyyən güzəştlərə hazır olsun. Avropa İttifaqında bununla bağlı fikirlər haçalanır. Çünki, burda özünün geosiyasi maraqlarını güdən ölkələr var. Onlar öz maraqları kontekstində qərar verməyi üstün tuturlar. Bu da Aİ-yə üzv dövlətlər,  bütövlükdə NATO içində müəyyən parçalanmalara gətirib çıxarır. Ancaq bu qərar hətta yekdilliklə qəbul olunsa da Rusiya üçün o qədər də ciddi, çəkindirici məqam olmayacaq. Məsələnin rəsmi Moskva üçün ən pis tərəfi Rusiya banklarının, beynəlxalq xarakter daşıyan bankların və xarici pul köçürmələri svift sistemindən Rusiyanın tamamilə  xaric edilməsi ola bilər. Düşünürəm ki, artıq rəsmi Moskva müəyyən mənada buna  hazırdır. Sistemlər qurulub və ikitərəfli iqtisadi münasibətlər kontekstində bu pul köçürmələrini həyata keçirilməsi mümkün hala gəlib”.

Politoloqa görə, indiki halda Putin öz ambissiyalarının girovuna çevrilib və hazırda rəsmi Moskvanın geri çəkilməsi onun yaratdığı xof nöqteyi-nəzərindən ölkə üçün öldürücü mahiyyət daşıya bilər:“Rusiya hesablamamışdı ki, Qərb dünyası, ABŞ eyni zamanda NATO hazırkı şəkildə dirəniş göstərə bilər. Avroatlantik məkana qarşı bu addım bir növ Rusiya və Putin üçün test xarakterilidir. Düşünürəm ki, bu imtahandan Qərb dünyası ciddi şəkildə qalib çıxa bilsə, o zaman rəsmi Moskva itirmiş olacaq. İmtahan dediyim prosesdə Qərbin ciddi hərbi addımlar atacağını düşünürəm. Yəni NATO eyni zamanda Aİ çərçivəsində çevik qüvvələrini Ukraynaya cəlb edəcəyi təqdirdə Rusiyanın qaçacaq yeri qalmayacaq. Beləcə  onun hərbi böhran yaratmaqla əldə etmək istədiyi nəticələr sıfıra bərabər olacaq”. 

N.Miri  NATO-nun Avroatlantik məkanı  dedikdə bu məsələdə təkcə Aİ-nın ürkək səsli ölkələrini nəzərdə tutmadığını, burda eyni zamanda NATO-nun cənub sərhəddini qoruyan qardaş Türkiyəni də düşündüyünü vurğulayıb: 

“Rəsmi Ankara belə bir vəziyyətdə oyundan kənarda qala bilməz. Onun hərəkətə keçməsi isə Rusiya üçün bu vəziyyətin çox acınacaqlı sonluqla bitməsi deməkdir. Buna görə də müharibə mövcud situasiyada  Rusiyaya heç bir halda zəfər  vəd etmir. İndi  onun qarşısında  2014-cü ildə Krım işğal olunanda hərəkətsiz qalan əvvəlki ABŞ və NATO yoxdur”.

Politoloqun fikrincə Qərb qətiyyətli addım atacağı təqdirdə şübhəsiz ki, Rusiya dayanacaq və bu konstekstdə danışıqlar aparmaq məcburiyyətində qalacaq.