Ruslar ikinci planı işə salıblar

Azərbaycan və Ermənistan Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üçün birləşməlidir

"Nikol Paşinyan elə vəziyyət yaradıb ki, ruslar artıq bizim müttəfiqimiz deyil. Ermənistanın baş naziri indi ruslara qarşı oyun qurub. Nəticəsi isə bizim üçün yaxşı olmayacaq".
Bunu Ermənistanın aparıcı siyasi ekspertlərindən sayılan Hayk Davtyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri rusiyalı sülhməramlıları Qarabağdan çıxarmağa çalışır: "Paşinyan deyir ki, Qarabağ ermənilərin ola bilməz. O zaman sülhməramlıların Qarabağda nə işi var?! 

Deməli, Paşinyanın son çıxışından bir şey bəlli olur: baş nazir həm də ruslara qarşı oyun qurub. Bu gedişlə Zəngəzurdan sonra İrəvan da itirilə bilər. Əgər rusları daha da incik salsaq, bu, belə olacaq. Paşinyan nə müharibənin başlanmasına, nə də məğlubiyyətə görə məsuliyyət daşıdığını söyləyir. Tək bildiyim odur ki, nəticələr bizim üçün heç də yaxşı görünmür".

Erməni ekspertinin fikirlərini “Şərq”ə şərh edən politoloq Əhəd Məmmədlinin fikrincə, bu, ümumilikdə Ermənistan müxalifətinin mövqeyidir: 

“Yəqin ki, o erməni ekspert müxalif mövqelidir və çox güman ki, Koçaryana yaxındır. Onlar deyirlər ki, rusları incik saxlamaq olmaz. Onsuz da Rusiya ilə bağlı səhv siyasətin nəticəsində Qarabağı itirdik və s. Yəni bu, onların mövqeyidir və bu da təbiidir. Ermənistanda Qərb və Rusiyanın maraqları toqquşur. Hər birinin öz maraqları var. Qərbin mövqeyi Rusiyanı Cənubi Qafqazdan, Ermənistandan çıxarmaqdır. Rusiyanın isə maraqları əksinə, burada qalmaqdır. Paşinyan da Qərbin projesi olduğu üçün Qərbin bu maraqlarını həyata keçirir. Bu da Azərbaycanın xeyirinədir. Paşinyan bir baş nazir kimi Azərbaycanın maraqlarına cavab verir və Azərbaycan da bu yöndə Paşinyana dəstək olmalıdır. Çünki əgər rus olmasa Azərbaycan Ermənistanla anlaşar. Rus məsələni dondurub uzatmaq istəyir ki, burada qalıcı olsun və hakim rolunu oynasın. Bu da nə Azərbaycanın, nə də Ermənistanın maraqlarına cavab verir”.
Politoloq Azərbaycanla Ermənistanın Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üçün birləşməli olduğunu bildirib:

“Erməni ekspert haqlıdır və mən də qatılıram. Çünki ortada rus olmasa Azərbaycanla Ermənistan rahat şəkildə anlaşacaq. 

Əks halda ortada rus var deyə Azərbaycan Xankəndiyə daxil ola bilməyənə qədər Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması heç nəyi dəyişməyəcək. Artıq Araikin də Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı çıxışına etiraz etməsi ondan xəbər verir ki, ruslar ikinci planı işə salıblar ki, orada qalan ermənilər və onların qondarma rejimi sabah Rusiyaya müraciət eləsinlər ki, biz Rusiyaya birləşmək istəyirik. Artıq Azərbaycanın qarşısında bu təhlükə var. 

Ona görə də Azərbaycan lazım olsa Ermənistanla birlikdə Rusiyanın Cənubi Qafqazdan çıxmasına görə əlindən gələni etməlidir”. 

Sənan İsmayıl