Pekresin Xankəndi səfəri:“Bu, bir siyasətçinin beynəlxalq hüquqa hörmətsizliyidir”

"Gələn ilin aprelində  Fransada keçiriləcək prezident seçkiləri ilə bağlı namizədlərin marafonu manipulyativ gedişlərlə müşaiyət olunmaqdadır. Namizədlərin seçkiöncəsi Ermənistana səfərləri, bu azmış kimi Xankəndiyə edilən qanunsuz səfərlər də bunun göstəricisidir".
"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Könül Nurullayeva bildirib. Xanım parlamentari qeyd edib ki, namizədlərdən biri - Valeri Pekresin yerli ermənilərin səsini qazanmaq məqsədi ilə Xankəndinə səfəri isə birmənalı şəkildə qanun pozuntusudur:

"Bu, həm Azərbaycanın ərazi bötövlüyünə, həm də Fransanda prezident olmaq iddiasında bulunan bir siyasətçinin beynəlxalq hüquqa hörmətsizliyidir. Bu, siyasətçi yox, əsl populist davranşıdır.

Cənubi Qafqazda yeni reallıqların yarandığı, sülh və əməkdaşlıq üçün yeni imkanların olduğu bir vaxtda Fransadan bu cür mövqe sülh prosesini pozur. Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, istənilən ölkənin seçimləri, dostları və qeyri-dostları ola bilər. Bu, onların öz işidir və burada biz heç nə deyə bilmərik. Lakin bir ölkə vasitəçi olması ilə bağlı ATƏT-in mandatına sahibdirsə, bu halda ölkə bitərəf olmalıdır. Biz 44 günlük Vətən Müharibəsi zamanı da Fransanın tərəf seçdiyini gördük. Dəfələrlə Fransa tərəfdən qondarma status və ya muxtariyyətlə bağlı əsassız iddialar səsləndi. Halbuki artıq Paşinyan istər Soçi, istərsə də Brüssel görüşlərində status məsələsinə toxunmamaqla yeni reallığı qəbul etdiyini təsdiqləmişdi. Bununla paralel olaraq bu cür üzdəniraq səfərlərə də imkan yaratmaqla isə növbəti ziddiyyətli addım atır. Aydındır ki, bu cür ziddiyyətli  mövqe Paşinyanın necə deyərlər, köhnə adətidir. Yeri gəlmişkən, bu cür qanunsuz səfərlərdə təbii ki, Rusiya sülhməramlılarının məsuliyyəti məsələsi gündəmə gəlir.  Onlar öz mandatlarının məsuliyyətini dərk etməlidirlər. Gözləri qarşısında baş verən qeyri-qanuni məsələlər onların vəzifələrinə uyğun fəaliyyət göstərmədiyi təəssüratını yaradır".