MDB dövlət başçılarının SAMMİTİ:“Ciddi müqavilələrin  imzalanması  gündəmdədir”

Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının görüşündə iştirak etmək üçün dekabrın 28-də Sankt-Peterburq şəhərinə səfərə gedib. Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlət başçısını Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşılayıb. Maraqlıdır,görüşdə hansı aktual masələlərin müzakirəsi gözlənilir?
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli hesab edir ki, Prezidentin sammitdəki  iştirakı əslində təkcə  MDB dövlət başçılarının sammiti olaraq nəzərdə tutulmayıb.

O “Sherg.az”a görüşdə  müzakirəsi  ehtimal olunan başlıca məsələlərdən danışarkən bildirib ki,biz hazırda sammit öncəsi  və ona doğru gətirib çıxaran yola diqqət etməliyik: 

“Ötən həftələrdə Paşinyanın Qarabağa yönəlik ciddi bəyanatları var idi. Eyni zamanda bəzi önəmli hadisələr  baş vermişdi. Bilirsiniz ki, Soçi görüşündə qəbul edilən qərarlar əsasən ilin sonuna qədər kommunikasiyaların açılması və sərhəd delimitasiyası ilə bağlı idi.14 dekabrda Brüsseldə də yeni niyyətlər otaya qoyuldu, xeyli ciddi  razılaşmalar əldə edildi. Bunları nəzərə alsaq, deyə bilərik ki, görüşdə növbəti dəfə ciddi müqavilələrin  imzalanması  gündəmdədir”. 

Ə.Əlibəyli sammitdə Azərbaycan və Ermənistanın delimitasiya və demarikasiya ilə bağlı yekun  mövqe ortaya qoyacağının da istisna edilmədiyini diqqətə çatdırıb:

“Ola bilsin kommunikasiyalarla bağlı yekunlaşmış bir qərar var. Eləcə də sülhməramlıların nəzarətində olan bölgələrə, məsəl üçün, fransız siyasətçinin qeyri-qanuni səfəri və bu kimi təxribatlar da müzakirə mövzusu ola bilər. Zənnimcə, bunlara da aydınlıq gətiriləcək”.

Analitikin qənaətincə, MDB dövlət başçılarının bu görüşü Azərbaycan- Ermənistan  münasibətlərinin qaydaya salınması baxımından növbəti bir mərhələ ola bilər: “ Belə mövzuların müzakirəsinin nəticəsi  konkret olaraq açıqlana və ya gizli qapılar arxasında da ola bilər”.