Rusiya Orta Asiyada istədiyini həyata keçirə bilməyəcək

Qazaxıstana ordu yeritmək hadisələrin arxası ilə sürünməkdir

"Hadisələr NATO, Avropa İttifaqı və Türkiyə tərəfindən diqqətlə izlənilir"

Yanvarın 10-da Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında videokonfrans keçirilib. Bu barədə Ş.Mişelin sosial media hesabında bildirilib. Qazaxıstandakı son hadisələri müzakirə etdiklərini ifadə edən Mişel bir həftədir davam edən hadisələrdə həyatını itirənlərlə bağlı başsağlığı verib. Mişel Qazaxıstanla tərəfdaşlığın, eləcə də Aİ-nin insan hüquqları və əsas azadlıqlar çərçivəsində ölkənin suverenliyinə, təhlükəsizliyinə və sabitliyinə dəstəyini vurğuladığını bildirib.

Aİ rəsmisi Şarl Mişelin Qazaxıstan prezidenti ilə əlaqə saxlamasını “Şərq”ə təhlil edən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, Qazaxıstan hadisələri fonunda Avropa İttifaqının bu ölkənin rəhbəri ilə təmas qurması vəziyyətin beynəlxalq ictimaiyyətin və xüsusən də Qərbin diqqətində olduğunu isbatlayır. Partiya təmsilçisinə görə, bəzilərinin düşündüyü kimi Rusiya Orta Asiyada istədiyini həyata keçirə bilməyəcək:

 “Putinin SSRİ modelində yeni dövlətlər birliyi yaratmaq cəhdi uğursuz oldu. Rusiyanın tələsik Qazaxıstana ordu yeritməsi hadisələrin arxasınca sürünməkdir. Qazaxıstandakı kütləvi etiraz mitinqlərini hansısa kənar qüvvələrin təşkil etməsi fikri reallığı əks etdirmir. Qazax xalqı sovet tarixində ən böyük etiraz mitinqləri təşkil edərək rus canişini kənarlaşdırmağa nail olublar. 

Kunayev və Nazarbayev kimi güclü və xarakterli dövlət başçıları olan ölkədə imperiya təsirləri xeyli azalmışdı. Nazarbayev yaşlandığı üçün hakimiyyətin təcrübəli və milli şəxsə ötürülməsi prosesi gedir.

 Tokayev-Mişel görüşündən sonra KTMT qüvvələrinin Qazaxıstanı tərk edəcəyi bəyanatı bununla bağlı idi. Tokayevin hadisələrin axarı zamanı özünü vassal kimi aparması onun siyasi karyerasına qara hərflərlə yazıldı, prezidentlik müddətini maksimum azaltdı. 

Hadisələr NATO, Avropa İttifaqı və Türkiyə tərəfindən diqqətlə izlənilir. Putinin digər Orta Asiya rəhbərlərini təzyiq altında saxlamaq cəhdləri neytrallaşmaq üzrədir. Hesab edirəm, Türk Dövlətləri Təşkilatı fəaliyyətində yeni fazaya qədəm qoyacaq. Birlikdə müttəfiqlik münasibətləri daha da dərinləşəcək”.