Kreml Qazaxıstandan çəkilməyə tələsmir

"Rusiya özü Qazaxıstanda müəyyən qarşıdurma yaradaraq, yerli ruslara qarşı təxribat törədərək “sülhməramlıların” ölkədə daha çox qalmasına zəmin hazırlaya bilər"

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı missiyasının fəaliyyətini çox yüksək qiymətləndirib. Tokayev növbəti dəfə bildirib ki, yanvarın 13-dən KTMT kontingentinin Qazaxıstandan çıxarılması prosesinə başlanacaq. Prezident qeyd edib ki, artıq müvafiq ölkələrin rəhbərləri ilə danışıqlar aparılıb. O, qoşunların çıxarılmasının 10 günə başa çatacağını söyləyib. KTMT qüvvələrinin Qazaxıstandan çıxarılması məsələsində ziddiyyətli açıqlamalar verilir. Tokayev konkret tarix versə də, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bildirir ki, kontingentin missiyası Qazaxıstanda vəziyyət sabitləşəndən sonra başa çatacaq. Şoyqunun sözlərinə görə, hazırda sülhməramlılar Qazaxıstan ərazisində mühüm hərbi, dövlət və sosial əhəmiyyətli obyektlərin mühafizəsi üzrə tapşırıqları yerinə yetirir. 

Sülhməramlı kontingentinin komandanı, general-polkovnik Andrey Serdyukov da deyib ki, qüvvələrin Qazaxıstandan çıxarılmasına verilən tapşırıqların tam icrasından sonra başlanacaq. Kremlin sözçüsü Dmitri Peskov da məsələyə toxunub. Vurğulayıb ki, sülhməramlıların Qazaxıstandan çıxarılma vaxtı təşkilata üzv ölkələrlə koordinasiya edilir. Peskov kontingentin Qazaxıstandan çıxarılması müddəti barədə təkcə Rusiyanın qərar vermədiyini, quruma üzv ölkələrlə məsləhətləşmələr aparıldığını qeyd edib. 

KTMT-nin Qazaxıstandan çıxarılması ətrafında cərəyan edən söz-söhbətlə bağlı “Şərq”ə danışan Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə təəssüflə qeyd edib ki, Orta Asiyanın ən böyük türk respublikasında baş verənlərlə bağlı məlumat qıtlığı var. Partiya rəhbərinin sözlərinə görə, internetə qoyulan qadağa Qazaxıstanla bağlı ətraflı və daha dəqiq informasiya əldə etməyimizə mane olur:

 “Məqsədyönlü şəkildə məlumatların yayılmasının qarşısı alınır. Rusiya hərbçilərinin “sülhməramlı” adı ilə Qazaxıstana soxulması ölkə ictimaiyyətinin ciddi narazılığına və etirazına səbəb olub. “Sülhməramlılar” ölkədə özbaşınalıq edir, özlərini Qazaxıstanın “yiyəsi” kimi aparırlar. Tokayev isə daxili narazılığı azaltmaq üçün KTMT-nin ölkədən çıxışı ilə bağlı tarix verir, prosesin yaxın günlərdə başlayacağını deyir. Tokayevin iddiasına görə, yanvarın 13-dən “sülhməramlılar” Qazaxıstanı tərk edəcək və proses 10 gün sürəcək. Ancaq prezidentin məlum açıqlamasından dərhal sonra Rusiya rəsmilərinin təkzib xarakterli bəyanatları yayıldı. Rus generaliteti və siyasiləri birmənalı vurğuladılar ki, KTMT öz funksiyasını başa vurduqdan sonra ölkəni tərk edəcək. Rus ekspertlər də bildirirlər ki, “sülhməramlı”ların ölkədən tezliklə çıxması iğtişaşların yenidən başlamasına səbəb ola bilər”. 
A.Əlizadə vurğulayıb ki, Kreml dolayı yolla diqqətə çatdırır ki, bu məsələ Tokayevin istəyindən və tələbindən asılı deyil: “Ruslar daxil olduqları ərazidən heç də könüllü çıxmırlar. Rus mediası yazır ki, “sülhməramlıların” Qazaxıstana göndərilməsi üçün ciddi maliyyə sərf olunub. Xüsusi vurğulayırlar ki, qoşunların dislokasiyasından bir həftə sonra tam tərkibdə çıxarılması ağlabatan deyil. Prosesin ancaq mərhələli şəkildə həyata keçirilməsi mümkündür. Əslində, hamımız bilirik ki, rus qoşunlarının Qazaxıstandan çıxma prosesi çox ağrılı keçəcək. Hətta ehtimallar var ki, Rusiya özü Qazaxıstanda müəyyən qarşıdurma yaradaraq, yerli ruslara qarşı təxribat törədərək “sülhməramlıların” ölkədə daha çox qalmasına zəmin hazırlaya bilər”.