Diplomatlarımıza terror təhdidi var

Əhəd Məmmədli: "Los-Ancelesdəki ermənilər yenidən Azərbaycanın diplomatik nümayəndələrinə qarşı hərəkətə keçiblər"

ABŞ-da ermənilər Azərbaycana qarşı təxribat törədiblər. Bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev bildirib. Baş konsul vurğulayıb ki, ötən gecə erməni radikalları terrorçu Qurgen Yanikyanın fotosunu konsulluğun binası qarşısından asıblar. Nəsimi Ağayev Los-Ancelesdə erməni terrorizminin tarixini nəzərə alaraq, şəhərin Federal Təhqiqat Bürosunu və polisini məsələni araşdırmağa çağırıb. Məlumat üçün deyək ki, erməni terrorçu, türk diplomatların qatili Qurgen Yanikyan 27 yanvar 1973-cü ildə Santa Barbara şəhərində yerləşən “Baltimor” otelində Türkiyənin Los-Ancelesdəki konsulu Məhməd Bayduru və vitse-konsul Bahadur Demiri qətlə yetirib. 

O, həmin il məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 1984-cü ildə səhhətindəki problemlərlə əlaqədar olaraq həbsdən azad olunub və bir ay sonra vəfat edib. Son günlər Azərbaycan-Ermənistan sərhədində müşahidə olunan gərginlik fonunda xarici ölkələrdəki erməni lobbisinin də fəallaşması, terrorçuları gündəmə gətirməsi diqqət çəkici məqamlardır. 

Politoloq Əhəd Məmmədli “Şərq”ə açıqlamasında bildirib ki, dünyada daha çox təşkilatlanmış və güclü təsir imkanlarına, maliyyəyə sahib erməni diasporası Rusiya, Fransa və ABŞ-dadır. Siyasi şərhçinin sözlərinə görə, Latın Amerikası ölkələrində də erməni lobbisi fəaliyyət göstərir. Lakin ermənilər diaspora şəbəkələrini əsasən güclü və nüfuzlu dövlətlərdə qurmağa üstünlük verirlər:

 “Amerika daxilində ən geniş resurslara və təsir rıçaqlarına malik erməni diasporası Los-Anceles şəhərindədir. Xatırladım ki, Tovuz döyüşləri zamanı Los-Ancelesdəki ermənilər diplomatlarımıza hücum etmişdilər. Yenidən Azərbaycanın diplomatik nümayəndələrinə qarşı hərəkətə keçiblər. Məsələ ondadır ki, Azərbaycan-Ermənistan savaşı bitməyib. Müharibə zaman-zaman sərhəddə olmaqla bərabər eyni zamanda diplomatik müstəvidə, mediada, sosial şəbəkələrdə və digər sferalarda da davam edir. Hətta ermənilər çirkin mübarizə metodlarını küçələrə daşıyır, xarici ölkələrdə diplomatik missiya icra edən həmvətənlərimizin təhlükəsizliyinə təhdid yaradırlar. Terrorçuluq vazkeçilməz erməni xislətidir. Hazırda terroru dövlət siyasətinə çevirən ermənilər tarixin bütün mərhələlərində bundan istifadə ediblər. Ona görə də rəsmi Bakının cavabı gecikməməlidir.

  Çalışmalıyıq ki, konsulluq əməkdaşlarını təhdid edən ermənilər hüquqi məsuliyyətə cəlb edilsinlər və cəzalarını alsınlar. Erməniləri dünyanın hər yerində, xüsusən ABŞ-da ifşa etmək vacibdir”.