Paşinyan Moskvanın ağalığına boyun əyib

Ona görə də Kremlin bundan sonra kommunikasiyaların açılması məsələsində Paşinyana təzyiq edəcəyi gözlənilmir

   Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2021-ci il yanvarın 11-də Moskvada qəbul etdikləri ortaq bəyanatın qəbulundan 1 il keçsə də, Moskvada heç bir siyasi sənəd imazalanmadı. Sadəcə, ortaq bəyanat qəbul olundu. 4 maddəlik bəyanatın ümumi mənası bu idi ki, 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqruplar yaranacaq. İşçi heyətdə əməkdaşlığın aktual mövzuları müzakirə ediləcək və sonda yekun sənəd hazırlanaraq imzalanmaq üçün liderlərə təqdim ediləcək. İşçi heyətə və ekspertlərə martın 1-nə qədər sənədi hazırlamaq tapşırılmışdı. Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq daşımaçılığın təmin olunması daxil idi. Bu bir ildə bəyanatın yalnız işçi qrupun yaradılması bəndi yerinə yetirilib. Altqruplar barədə məlumat yoxdur. Nikol Paşinyan bir il içərisində kommunkasiya xətlərinin açılması məsələsini erməni cəmiyyətinə qəbul etdirsə də, işlər çox ləng gedir. 

Politoloq Elxan Şahinoğlu deyib ki, Moskva 11 yanvar bəyanatının həyata keçirilməsini sürətləndirmək üçün əlaltısı İrəvana təzyiq etmir. Analitik xatırladıb ki, 11 yanvar bəyanatı qəbul olunarkən, Kremlin nəzarətindəki “Sputnik” agentliyinin Ermənistandakı ofisi Nikol Paşinyanın mövqelərini zəiflətmək üçün “Paşinyan Ermənistan iqtisadiyyatına 38 milyard dollar zərər vurub” başlıqlı yazılar yayımlayırdı:

 “Kreml ötən ilin bu vaxtı Rusiyadakı tanınmış ermənilər Ara Abramyan və informasiya ruporu Marqarita Simonyan kimilər vasitəsilə Nikol Paşinyana təzyiq edirdi. Paşinyan bir il sonra Rusiya ilə birgə hərbçilərini Qazaxıstana göndərdikdən sonra Kremlin ağalığını tam olaraq qəbul edib. Ona görə də Kremlin bundan sonra kommunikasiyaların açılması məsələsində Paşinyana təzyiq edəcəyi gözlənilmir. Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin liderlərinin yanvarın 10-da onlayn müzakirəsində Qazaxıstandakı hadisələrlə İkinci Qarabağ müharibəsi arasında məntiqsiz paralel apararaq bunları dedi: “Qazaxıstanda olduğu kimi Dağlıq Qarabağda 44 günlük müharibədə  kənardan terrorçular gətirilmişdi. Biz beynəlxalq terrorçularla üz-üzə qalmışdıq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər yeni təhlükələrlə üz- üzə qala bilər”. Bununla Paşinyan Rusiyaya və onun dostlarına Azərbaycanı hədəf göstərdi”. 
Siyasi şərhçiyə görə, Qazaxıstandakı olaylar və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsi İrəvanı həvəsləndirib: “Təsadüfi deyil ki, Paşinyan “Qazaxıstanla Azərbaycan arasında paralellər apararkən”, erməni saytları dezinformasiya yayaraq, guya, Azərbaycan hərbçilərinin Qarabağda dinc sakinləri “atəşə tutması” xəbərini yayırdı. Dezinformasiyanın məqsədi aydındır. Ermənistan hakimiyyəti Qazaxıstandakı “xidmətinin əvəzində” Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının onların da “dərdinə” şərik çıxmasını istəyir”.