Rusiya rəhbərliyi və sülhməramlılara diplomatik MESAJ: “Vəziyyət nəzarətimizdədi”


Dünən Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Ölkə başçısı müsahibə zamanı jurnalistlərin müxtəlif sahələrlə bağlı suallarını cavablandırıb. Prezidentin toxunduğu mövzulardan biri də Qarabağdakı rus sülhməramlılarla bağlı olub.

Azərbaycan lideri qeyd edib ki,  sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün biz daha geniş prizmadan yanaşmalıyıq:
“Əlbəttə ki, qıcıq doğuran məqamlar az deyil. Amma, eyni zamanda, onların müsbət funksiyalarını da qeyd etməmək ədalətsizlik olar. Onlar indi önəmli funksiyanı yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına bizim həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər və prinsipcə deyə bilərəm ki, mən onların ümumi fəaliyyətinə müsbət yanaşıram. Yəni, keçən il bir çox şeylərə aydınlıq gətirdi, çünki eyni zamanda, bizim Rusiya ilə əlaqələrimizdə yeni bir element yarandı, hansı ki, bu element yox idi. Azərbaycan–Rusiya əlaqələri həmişə çox müsbət olub. Amma keçən il bu əlaqələr daha da dinamik olub və təmaslar daha çox olub, o cümlədən prezidentlər səviyyəsində, müxtəlif səviyyələrdə. Bu, bizim əlaqələrimiz üçün bir yenilik idi və bu yenilik ikitərəfli əlaqələrə problem yarada bilərdi, ya da ki, ikitərəfli əlaqələri gücləndirə bilərdi. Mən deyə bilərəm, artıq keçən ili, bu ili təhlil edərkən sülhməramlı missiyanın Azərbaycan tərəfdaşları ilə münasibətləri ikitərəfli əlaqələrə müsbət təsir göstərmişdir. Ona görə bunu biz bilməliyik, Azərbaycan vətəndaşları da bilməlidirlər.

O ki qaldı, qıcıq doğuran məsələlərə, əlbəttə, bu bizi də qıcıqlandırır və dəfələrlə belə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. Həm müdafiə nazirimiz öz həmkarına məktublar göndərib dəfələrlə, həm sülhməramlı missiya rəhbərinə irad bildirilir və Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılmışdır. Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. Halbuki, əlbəttə, bu, inandırıcı deyil və mən necə var elə də deməliyəm, müsbəti də, mənfini də. Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokommisar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz. Ona görə belə hallar baş verir, buna yol vermək olmaz qətiyyən və buna son qoyulmalıdır. Məndə olan məlumata görə, Qarabağa gələn Ermənistan nümayəndələri sülhməramlı missiyaya xarici vətəndaşların səfərləri ilə bağlı müraciətlər edirlər. Orada ya icazə verilir, ya da ki, verilmir. Ümumiyyətlə, deyə bilərəm ki, həm giriş-çıxışda, həm Xankəndidə, həm ətraf bölgələrdə baş verən bütün hadisələrdən bizim dəqiq xəbərimiz var. Ona görə bizdən nəyisə gizlətmək, “görməmişik, bilməmişik” demək, qeyri-ciddidir.

Digər qıcıq doğuran məsələ odur ki, biz görürük, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir. Daha çox insan oradan gedir. Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, - bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, - yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni, o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni, istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz. Bu dərəcədə fərq ola bilməz. Biz maşınların da, insanların da sayını bilirik, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Bizdə olan məlumata görə, müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır. Bax, bu iki məsələ istisna olmaqla, bütövlükdə, yenə də deyirəm, onların funksiyasını mən müsbət qiymətləndirirəm. Ciddi insidentlər olmamışdır. İnsidentlər Ermənistan-Azərbaycan sərhədində baş verib, yəni, o zonada ciddi insidentlər olmayıb”.

Prezidentin çıxışı ilə bağlı “Sherg.az”a danışan  siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev hesab edir ki, İlham Əliyevin Ali Baş Komandan olaraq, yerli jurnalistlərə verdiyi müsahibə informasiya müharibəsinin  yeni mərhələsinin başlanğıcını göstərdi:

“Yəni, müharibədən öncə, müharibənin davam etdiyi müddətdə və sonraki 1 il yarım ərzində Azərbaycan Prezidenti informasiya müharibəsi aparırdı. Artıq müharibədən sonrakı informasiya müharibəsi bilavasitə, müharibənin hərbi fazasını yeni bir mərhələyə keçidi kimi dəyərləndirilə bilər. Çünki savaş bitdikdən sonra da Azərbaycan ərazilərində erməni təxribatları yenə də davam edirdi. Hələ də davam edir. Sonuncu təxribat iki gün öncə baş verdi. Bu səbəbdən Azərbaycan tərəfi şəhid də verib. Amma Azərbaycan  Ordusu da hər bir şəhidin əvəzinə  beş erməni əsgərini öldürüb”.

Alim hesab edir ki, Cənab Prezidentin dünənki çıxışı da təsadüfi deyildi:

“Bu bir növ Azərbaycanın mövqeyini həm Ermənistan və onun dəstəkləyən dövlətlərə, həm də daxili publikaya göstərən bir mesaj idi. Azərbaycan Prezidenti sülhməramlıların fəaliyyətində narazı olduğu məsələləri gündəmə gətirdi. O, Laçın dəhlizindən gediş- gəliş faizlərini dəqiq göstərməklə, birmənalı şəkildə mesaj verdi ki, biz bunların hər birinin uçotunu aparırıq, vəziyyət tam nəzarətimizdədir. Hətta onu qeyd etdi ki, Fransanın prezidentliyə namizədi Valeri Pekresin gəlişini bilsə idik, biz o maşını saxlayardıq. Yəni Azərbaycan bir o qədər, situasiyalara nəzərət edə bilir. Bu, rus sülhməramlıları və Rusiya rəhbərliyi üçün bir mesajdır. İkincisi, rus sülhməramlıları haqda dedi ki, düzdür, onlar gəldikdən sonra böyük insidentlər olmayıb. Amma Onlar öz missiyalarını yerinə yetirmirlər. Azərbaycan mediası bunları qeyd edir. Amma Azərbaycan  Prezidentinin bunu qeyd etməsi, Valeri Pekresin gəlməsi ilə bağlı müraciətin olunması, Xarici İşlər Nazirliyinin notası – bütün bunların hamısı rus sülhməramlılarının müvəqqəti qalmasına dəlalət edir. Eyni zamanda, bu Azərbaycan tərəfinin hüququnu ortaya qoyur və bildirir ki, öz səlahiyyətlərinizin çərçivəsində hərəkət etməsəniz, bu addımları ata bilərik”.

C.Nuriyev Prezidentin Ermənistana göndərdiyi ismarışları da şərh edib:
“Başqa  bir mesaj həm rus sülhməramlıları, həm də Ermənistan üçün deyilən bir mesajdır. Bu gələnlər ilə gedənlərin say məsələsidir. Azərbaycan Prezidenti çıxışı zamanı dəqiqliklə bildirdi ki, Qarabağ ərazisində cəmi 27 min erməni yaşayır. Amma bunların gediş faizi çox yüksəkdir. Yəni, bu o deməkdir ki, Azərbaycan bu məsələləri çox dəqiq bilir və siz öz missiyanızı yerinə yetirmirsiniz. Bu bir diplomatik mesaj idi. Növbəti dəfə artıq qərar olacaq. Azərbaycan tərəfi birtərəfli şəkildə, rus sülhməramlılarının Qarabağın ərazisində qalmasına “yox” deyəcək. Ondan sonra beynəlxalq hüquq qüvvəyə minir. Çünki biz istədiyimiz vaxt bunu deyə bilərik. Bizim Rusiya ilə sazişimiz yoxdur. Üçtərəfli bir bəyanatdır. Həmin bəyanat ratifikasiya olunmadığına görə, hüquqi gücə malik deyil”.

C.Nuriyev Rusiyanın bundan sonra etməli olduqlarını vurğulayıb:

 “Rəsmi Moskva başa düşməlidir ki, Azərbaycanla qonşu  dövlət və strateji tərəfdaş kimi səmimi olmalıdır. İkili standartla yanaşmaq artıq Azırbaycan üçün qəbulolunmaz bir işdir. Azərbaycan Prezidentinin dünən verdiyi müsahibə Azərbaycanın yaxın zaman ərzində siyasi, iqtisadi və hərbi yol xəritəsidir. Eyni zamanda, Azərbaycanın gələcək üçün nəzərdə tutduğu proqnozların qısa bir konspektidir. Bunu Ermənistan və onu dəstəkləyən qüvvələrə, eyni zamanda, Azərbaycan daxilinə və Azərbaycanı sevən dövlətlərə mövqeyimizi açıqlaması kimi dəyərləndirirəm və çox yüksək qiymətləndirirəm”.

Çimnaz Şahlar