Qoşunların ölkəni tərk etməsi heç nəyi dəyişməyəcək

KTMT rəsmən getsə də, qalsa da, Kremlin dirijor çubuğu Qazaxıstanın üzərindədir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingentinin Qazaxıstandan çıxarılması barədə qərar qəbul olunub. Bu barədə KTMT-ya üzv ölkələrin Müdafiə Nazirlərinin Şurasının növbədənkənar iclasında birgə qərar imzalanıb. Qərara əsasən, kontingentin yanvarın 19-da Qazaxıstandan tam çıxarılacağı vurğulanıb. Rusiyanın Müdafiə Nazirliyi bəyan edib ki, Qazaxıstanda tapşırıqları yerinə yetirən KTMT-nin sülhməramlı qüvvələri texnika və materialları Rusiya kosmik qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının təyyarələrinə yükləmək və daimi dislokasiya məntəqələrinə qayıtmaq üçün hazırlıqlara başlayıblar. Ölkənin strateji obyektlərinin mühafizəsinin tədricən Qazaxıstanın təhlükəsizlik qüvvələrinə təhvil veriləcəyi bildirilib. Təşkilatın baş katibi Stanislav Zas da deyib ki, Qazaxıstanda keçirilən sülhməramlı əməliyyat göstərdi ki, KTMT-nin potensialı yüksək effektlidir və həqiqətən də səmərəlidir.

O, Qazaxıstanda xüsusilə fərqlənmiş sülhməramlıların mükafatlandırılacağını da qeyd edib. Xatırladaq ki, Qazaxıstanda başlayan etiraz aksiyaları ilə əlaqədar prezident Kasım-Jomart Tokayev quruma müraciət edərək dəstək istəmişdi. Sülhməramlı qüvvələrinin tərkibinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir. 

Rus qoşunlarının Qazaxıstandan çıxma prosesini “Şərq”ə təhlil edən siyasi şərhçi Azər Niftiyev deyib ki, uzun müddətdir Qərblə Rusiya arasında gərgin münasibətlər hökm sürür. Analitik bildirib ki, 2014-cü ildən bu yana tərəflərin münasibətləri daha xaotik xarakter alıb:

 “Rusiya özü üçün təhlükəsizlik təminatı almağa çalışır. NATO isə heç bir ölkəyə qapılarını bağlamayacağını bəyan edir. Rusiyanın təhlükəsizlik təminatı almağa çalışdığı önəmli bölgələrdən biri postsovet məkanıdır. Moskva hər vəchlə çalışır ki, hərbi alyansın postsovet ölkələrinə inteqrasiya etməsinin qarşısını alsın. Rusiyanın Ukrayna sərhədlərinə ordu yığması Qərb tərəfindən ciddi tənqid olunurdu. 2021-ci ilin sonunda ABŞ Prezidenti Co Bayden elan etmişdi ki, 2022-ci il “demokratiya ili” olacaq. İlin əvvəlində Qazaxıstanda məlum olaylar başladı. İlkin mərhələdə Qazaxıstandakı etiraz askiyalarına Qərb diplomatik yollarla dəstək verirdi. Lakin prosesin ikinci hissəsi bilavasitə Rusiyanın iştirakı ilə reallaşdı. Hökumətin istefası, Nazarbayevin kənarlaşdırılması proseslərin nəzarətdən çıxmasına gətirib çıxardı. Kreml yaxşı başa düşürdü ki, Qazaxıstanda əsası qoyulan proses digər postsovet ölkələrinə, yekunda Rusiyanın özünə də sirayət edə bilər. Ona görə də olaylara sərt müdaxilə etdi. Tokayevin KTMT-ni ölkəyə dəvət etməsi də bundan qaynaqlanırdı. Belarus Prezidenti A.Lukaşenkonun Özbəkistanı hədələməsi də prosesin tərkib hissəsi idi”. 

A.Niftiyev KTMT-nin Qazaxıstandan çıxması prosesinə fərqli yanaşdığını deyib:

 “Elan etdilər ki, sülhməramlı kontingent artıq ölkədən çıxmağa başlayıb. Bir müddət sonra bəyan edəcəklər ki, Qazaxıstanda KTMT-nin bir hərbçisi belə qalmayıb. Aydınlaşdırmaq necə mümkün olacaq ki, ruslar həqiqətən ölkəni tərk edib, yoxsa gizli şəkildə qalıblar. Bu artıq formal prosesdir. KTMT rəsmən getsə də, qalsa da, Kremlin dirijor çubuğu Qazaxıstanın üzərindədir. Sülhməramlı kontingentin çıxması heç nəyi dəyişməyəcək”.