Ermənilər niyyətlərindən vaz keçməyiblər: KTMT-dən istifadə gündəmdən çıxarılmayıb


"İstənilən halda Azərbaycan Ordusu gücünü+, qüvvətini daim artırmalıdır"
 
   Prezident İlham Əliyev televiziya kanallarına müsahibəsi zamanı 44 günlük müharibənin daha bir epizodunu ictimaiyyətlə paylaşıb. Ölkə rəhbəri bildirib ki, Azərbaycan Ordusu Zəngilan istiqamətində Ermənistanla sərhədə doğru irəliləyəndə erməni tərəfi növbəti təxribata əl atıb. İrəvan Rusiyadan xahiş edib ki, Gümrüdəki hərbi bazanın bir hissəsi oraya, sərhədə, Zəngilana ezam edilsin: “Bunu onunla əsaslandırmaq istəyirdilər ki, guya, Azərbaycan Ermənistan ərazisinin Mehri hissəsini ələ keçirmək niyyətindədir. 

Hərçənd bizim belə niyyətimiz yox idi. Bununla belə Gümrüdəki Rusiya bazasının çox məhdud kontingenti oraya ezam edildi. Bu operativ informasiya bizdə vardı. Bu hadisə baş verəndən dərhal sonra erməni silahlı qüvvələri rusiyalı hərbi qulluqçuların arxasından Azərbaycan qoşunlarını atəşə tutmağa başladılar. Orada məsafə çox kiçik idi, buna görə onlar minamyotlardan da atəş açırdılar. Orada biz tələfat verdik. Lakin təbii ki, biz cavab verdik və dərhal Rusiyaya müraciət etdilər ki, Azərbaycan rusiyalı hərbi qulluqçuları atəşə tutur. Bu dərəcədə alçaqlığı təsəvvür etmək olarmı? İstəyirdilər ki, biz erməni mövqelərinə cavab atəşi açmaqla rusiyalı hərbi qulluqçulara ziyan vuraq, onlar öz məqsədlərinə çatsınlar və Rusiyanı bu müharibəyə cəlb etsinlər”. Ermənistan tərəfinin 44 günlük müharibə dövründə müxtəlif metodlardan istifadə edərək Rusiyanı savaşa cəlb etmək niyyəti hamıya bəllidir. Savaşın gedişində İrəvan dəfələrlə üzv olduğu KTMT-yə müraciət edərək hərbi bloku Ermənistanın yanında yer almağa və Azərbaycana qarşı döyüşməyə çağırıb. Lakin KTMT Azərbaycanın öz qanuni əraziləri uğrunda savaşdığını bildiyi üçün Paşinyanın bütün çağırışlarını geri çevirib. Prezidentin açıqlamasından görünür ki, erməni tərəfi sadəcə rəsmi müraciətlərlə kifayətlənməyib. Rusiyanı prosesə cəlb etmək üçün bir çox çirkin oyunlara əl atıblar. 

Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov “Şərq”ə bildirib ki, Ermənistan müharibənin ilk günündən dərk etdi ki, təkbaşına Azərbaycanın güclü Ordusu qarşısında tab gətirə bilməyəcək. Ekspertin sözlərinə görə, məğlub olacaqlarını əvvəlcədən bilən ermənilər savaşın ilk günündən etibarən kənar gücləri, xüsusən Rusiyanı müharibəyə çəkməyə çalışırdı: 

“Bu niyyət erməni mediasında, sosial şəbəkələrdə açıq-aşkar görünürdü. Azərbaycanın təxribatlara aldanmadığını və Rusiya başda olmaqla KTMT-nin mövqeyini görən erməni tərəfi Moskvaya qarşı şantaja, ittihamlara başladı. Bunun da nəticə vermədiyini görəndə daha çirkin üsullarla baş vurdular. Əslində ermənilər öz niyyətlərindən vaz keçməyiblər. KTMT-dən istifadə bu gün də gündəmdədir. Quruma müvəqqəti sədrlik edən Ermənistan Qazaxıstandakı hadisələrdən sonra bir qədər “cəsarətlənib”. Müharibə dövründə məqsədlərinə çatmaq üçün rus hərbçilərini hədəfə qoymağa çalışırdılarsa, bu gün sərhəddə təxribatlar törədirlər, əsgərimizi şəhid edirlər. Ordumuz düşmənin cavabını layiqincə verdi və 8 erməni hərbçi məhv edildi. Əsgərimizə atəş açılan erməni postu da darmadağın oldu. Hadisədən sonra erməni mediası yazdı ki, guya, Azərbaycan Ermənistana hücum edib, erməni postunu dağıdıb və s. Yəni bunu fürsət kimi dəyərləndirib KTMT-ni sərhədə gətirməyi düşünürdülər. Lakin hər zaman olduğu kimi İrəvanın fürsətcil siyasəti yenə fiaskoya uğradı. İstənilən halda Azərbaycan Ordusu gücünü, qüvvətini daim artırmalıdır”.