Lukaşeviçdən XƏBƏRDARLIQ:“Rusiya hərəkətə keçəcək”

Rusiyanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı nümayəndəsi Aleksandr Lukaşeviç bəyan edib ki, Rusiya Qərb ölkələrindən təhlükəsizlik tələblərinə “konstruktiv cavab” almazsa, milli təhlükəsizliyini müdafiə etmək üçün hərəkətə keçəcək.
"Sherg.az" "Cumhuriyyet"ə istinadən bildirir  ki, A.Lukaşeviç xəbərdarlıq edib:

“Təkliflərimizə ağlabatan müddətdə konstruktiv cavab almasaq və Rusiyaya qarşı aqressiv davranış davam edərsə, strateji tarazlığı bərpa etmək və milli təhlükəsizliyimizə görə qəbuledilməz təhdidləri aradan qaldırmaq üçün lazımi tədbirlər görəcəyik”.

Digər tərəfdən, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın RTVI kanalına müsahibəsində Rusiya, ABŞ və NATO arasında təhlükəsizlik təminatları ilə bağlı danışıqlara dair qiymətləndirmələr edib.  Qərb diplomatlarının yalnız öz maraqlarına aid olan təhlükəsizlik məsələlərini müzakirə etmək istədiyini vurğulayıb.

O, ABŞ və müttəfiqlərinin Rusiyanın təkliflərindəki ən əsas məsələlərə etiraz etdiyini açıqlayıb:

 "Onlar NATO-nun genişlənməsi ilə müqayisədə daha az əhəmiyyət kəsb edən mövzularda əlavə danışıqlar aparmağa razıdırlar. Zənnimcə, təhlükəsizlik ilə bağlı danışıqların yeni mərhələsinin keçirilməsinə ehtiyac yoxdur.  Çünki fikir ayrılıqları var. Bu o deməkdir ki, bu səbəbdən danışıqlar dalana dirənib”.

Rusiyanın  tələblərinə məhəl qoymayacağı təqdirdə ABŞ və NATO-nun fərqli “tədbir və üsullar” sınayacaqlarına işarə edən Ryabkov tərəflər arasında danışıqların müxtəlif kanallarla davam etdiriləcəyini qeyd edib.

Cəmilə ƏZİM