NATO Rusiyanı mühasirəyə alır - ANALİZ

Kreml alyansdan Şərqə genişlənmə ilə bağlı zəmanət ala bilməyəcək
"Hətta bəzi dövlətlərin bloka qoşulmasını da müşahidə edəcəyik"

Qərblə Rusiya arasında gərginlik artmaqdadır. Tərəflər arasında Cenevrədə görüş baş tutsa da, aradakı buzlar əriməyib. Kreml sözçüsü Dmitri Peskov NATO-nu Ukraynanı işğal etməkdə suçlayıb. Onun sözlərinə görə, Moskva Ukraynanın işğalına dözməyəcək: 

“Rusiya Qərbin Ukraynanı zəbt etməsi ilə barışa bilmir. Ukraynanın NATO tərəfindən tədricən işğalını müşahidə edirik. Hadisələrin bu cür gedişatı Moskva ilə alyans əlaqələrini qırmızı xəttə gətirib çıxarıb”. Peskov diqqətə çatdırıb ki, Ukrayna ilə sərhəddə gərginlik həddindən artıq yüksəkdir. Ona görə də Rusiya təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə birbaşa cavab almaqda israrlıdır: “Rəsmi Moskva konkret təkliflərinə çox konkret cavab istəyir. Avropanın bu hissəsində həddindən artıq çox yüksək gərginlik var. Belə bir vəziyyət qitəmiz üçün son dərəcə təhlükəlidir”. Peskov həmçinin qeyd edib ki, ABŞ Rusiyanın guya Ukrayna ətrafında eskalasiya planlaşdırdığına dair iddialarına dair heç bir sübut təqdim etməyib: “Biz hələ də sübut gözləyirik”.

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov da bildirib ki, NATO və ABŞ-la danışıqlar hələlik konkret nəticə verməyib. Səfirin sözlərinə görə, dialoqun davamı alyans ölkələrinin Moskvanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə reaksiyasından asılıdır. Antonov əlavə edib ki, Rusiya dialoqu davam etdirməyə hazırdır: “Ukraynadakı vəziyyət danışıqların gündəmində deyil və bu məsələ NATO-nun Brüsseldə keçirilən məsləhətləşmələrdə yalnız ikinci dərəcəli mövzu kimi qeyd olunub”. Rusiyalı diplomat Şimali Atlantika blokunun şərq istiqamətində davam edən irəliləyişini Rusiyanın milli təhlükəsizliyinə əsas təhdidlərdən biri adlandırıb. Tərəflərin ciddi şəkildə bir-birinə qarşı sərt mövqedə dayandığı vaxtda NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussen açıqlama verərək bildirib ki, Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı müraciət etdikdən bir gün sonra Alyansa qəbul olunacaqlar. Onun fikrincə, bu məsələ Ukraynaya edilən hücumdan sonra müzakirə edilə bilər. Keçmiş baş katibin sözlərinə görə, Finlandiya və İsveç bütün lazımi üzvlük meyarlarına cavab verir.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Şərq”ə deyib ki, başda ABŞ olmaqla Qərb ölkələrinin Rusiyaya qarşı təzyiqləri artmaqdadır. Ekspertə görə, NATO-nun keçmiş baş katibinin açıqlaması gözlənilməz deyildi. Ona görə ki, son zamanlar Avropada, xüsusilə də Skandinaviya ölkələrində Rusiya təhdidi ilə bağlı ciddi narahatlıq müşahidə edilməkdədir: 


























“Keçmiş baş katib Rusiyanın NATO-dan Şərqə genişlənməməklə bağlı zəmanət istəməsinə münasibət bildirərək deyib ki, “NATO-nun qapısı açıq olacaq. Və biz istəmirik ki, Rusiya Prezidenti Vladimir Putin qapıçı olsun. Düşünürəm ki, Rusiyanın hücumu Finlandiya və İsveçdə NATO-ya üzvlüklə bağlı müzakirələrə səbəb olacaq. Ona görə də Ukraynaya hücum Putinə baha başa gələcək”. Rasmussenin sözlərindən belə qənaətə gəlmək olar ki, Rusiyanın Ukraynaya hücum planı işə düşərsə, bu addım NATO-nun xeyrinə işləməyə başlayacaq. İki gün öncə isə hərbi alyansın hazırkı baş katibi təqribən eyni tipli açıqlama verərək bildirdi ki, “İsveç və Finlandiya bir çox aspektlərdə təşkilata çox yaxındır, bu səbəbdən onlar NATO-ya qoşulmaq istəsə, bu proses çox tez həyata keçirilə bilər”. Hərbi Alyansın baş katibinin belə açıqlama verməsindən o nəticəyə gəlmək olar ki, nəinki Rusiya NATO-dan Şərqə genişlənmə ilə bağlı zəmanət ala biləcək, hətta bəzi dövlətlərin bloka qoşulmasını da müşahidə edəcəyik. Deyilənləri nəzərə alaraq qeyd etmək mümkündür ki, Rusiya və Qərb ölkələri arasında hansısa dialoqun müsbət nəticələnməsi inandırıcı görünmür. NATO-nun bu addımlarının arxasında dayanan əsas planlardan biri də Rusiyanı çevrələmək siyasətidir”.