Qoşunlar çıxsa da, Kremlin tapşırıqları icra olunur - POLİTOLOQ

Tokayev Nazarbayevin bütün izlərini silmək niyyətindədir

"Hətta hazırda Qazaxıstanda paytaxtın əvvəlki adının qaytarılması üçün imza toplanmasına başlanılıb"

“Yanvarın 19-dək bütün sülhməramlılar Qazaxıstanı tərk edəcəklər”. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas "Belarus 1" telekanalına müsahibəsində deyib. Zas bildirib ki, Qazaxıstanda vəziyyət yaxşılaşır, lakin ölkə hakimiyyətinin hələ çox işi var. Baş katib Qazaxıstanda iğtişaşlar zamanı saxlanılanlar arasında əcnəbilərin olduğunu qeyd edib. 

Lakin əksər ekspertlərə görə, rus qoşunları Nursultan Nazarbayevin bütün izlərini silmədən Qazaxıstanı tərk etməyəcək. Analitiklərin fikrincə, KTMT qüvvələrinin Qazaxıstanı tərk etməsi fonunda eks-prezident Nursultan Nazarbayevə yaxınığı ilə tanınan şəxslərin, həmçinin birinci və ikinci dərəcəli qohumlarının vəzifədən getməsi diqqət çəkir. Əvvəl Nazarbayevin kürəkənləri - “KazTransOil SC”nin İdarə Heyətinin sədri Dimaş Dosanov və “Atameken” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin sədri Timur Kulibayev vəzifələrindən istefa verdilər. Daha sonra isə Nazarbayevin digər kürəkəni “QazaqGaz SC”nin İdarə Heyətinin sədri Kayrat Şaripbayevin səlahiyyətlərinə xitam verildi. Üstəlik, Nazarbayevin qardaşı oğlu Samat Abiş Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edildi.

Qazaxısanda gedən prosesləri “Şərq”ə təhlil edən siyasi şərhçi Turan Rzayev bildirib ki, Qazaxıstan Prezidenti Qasım-Jomard Tokayev eks-prezident Nursultan Nazarbayevin Qazaxıstandakı bütün izlərini silmək niyyətindədir. Ekspertin qənaətincə, bu, ilk növbədə Kremlin tapşırığı olsa da, Tokayevin də maraqlarına uyğundur: 


“Prinsip etibarilə Qazaxıstanda sosial narazılıq adı altında başlanan etirazlarda Nazarbayevin heykəllərinin dağıdılması etirazların məqsədinin nə olduğunu göstərmişdi. Kreml Nazarbayevin və klanının ölkədəki nüfuzunu və prezident Tokayevin təkbaşına nəyəsə nail ola bilməyəcəyini bildiyi üçün KTMT-nin Qazaxıstana çağrılması ideyasını irəli sürdü. Son istefalar fonunda Nazarbayev və klanının məğlub olduğu şübhəsizdir. KTMT faktiki olaraq Tokayevə Nazarbayevin Qazaxıstandakı bütün izlərini silməyə yardımçı olur. Hətta hazırda Qazaxıstanda paytaxtın əvvəlki adının (Astana -red) qaytarılması üçün imza toplanmasına başlanılıb”.

Analitik qeyd edib ki, fəallar, həmçinin şəhərin yerli hakimiyyət orqanlarından Nazarbayevin adını daşıyan küçələrə Qazaxıstanın “dövlətçiliyini, birliyini və müstəqilliyini vurğulayan” neytral adların verilməsini tələb ediblər: 

“Məsələn, onlar Almatıdakı Nazarbayev prospektinə “Respublika” adının verilməsini xahiş ediblər. Nəticə etibarilə bütün bunların KTMT Qazaxıstanı tərk edəcəyi tarix ərəfəsində baş verməsi deməyə əsas verir ki, Kreml təkcə Nazarbayevin siyasətini və kadrlarını deyil, onun izlərini də silir. Bu həm də gələcəkdə, Nazarbayevin başlatdığı milliləşmə hərəkatının yenidən canlanmaması üçün daxili auditoriyaya və siyasi elitaya verilən açıq mesajdır”.