"Gürcüstanın “3+3”  platformasına qatılmamasına hörmətlə yanaşılmalıdır"  - Politoloq 

“Gürcüstanın “3+3” əməkdaşlıq platforması ilə bağlı mövqeyini dəyişəcəyinə inanmıram”. Bunu açıqlamasında Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (Rondeli Fondu) prezidenti Ekaterine Metreveli deyib. Onun sözlərinə görə, Gürcüstanın Xarici İşlər Nazirliyi və yerli ekspert cəmiyyətində formatla bağlı açıq mövqe var və bu mövqe ondan ibarətdir ki, Gürcüstan ərazisinin 20 faizini işğalda saxlayan Rusiya ilə eyni formatda təmsil oluna bilməz. Rəsmi Tbilisi Gürcüstanın Rusiya ilə birgə “3+3” formatında təmsilçiliyini qəbuledilməz hesab edir.

Mövzu ilə əlaqədar “Sherg.az” a danışan siyasi analitik, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Gürcüstanın mövqeyini dəyərləndirib. O, düşünür ki, Gürcüstanın seçiminə hörmətlə yanaşmalıdır:

“Rusiya Gürüstanın torpaqlarını işğal edib. Abxaziya və cənubi Osetiya işğal olunub və Rusiyanın burda hərbi bazaları var. Bizim özümüzün də uzun zaman Ermənistanla heç bir əlaqəmiz olmadı. Çünki Ermənistan işğalçı dövlət idi. Gürcüstan da məhz bu aspektdən çıxış edərək Rusiya ilə bir məkanda olmaq istəmir və diplomatik münasibətləri yoxdur. Azərbaycan və Türkiyə bu formatın sadəcə əməkdaşlıq üçün nəzərdə tutulmuş format olduğunu Gürcütana bildirib. Gürcüstan burada öz mövqeyini bildirə və iqtisadi cəhətdən iştirak edə bilər. Amma Gürcüstanın seçiminə hörmətlə yanaşmalıyıq”.

E.Şahinoğlu Gürcüstanın “3+3” əməkdaşlıq platformasında iştirak etməmisinin formatın təşkili üçün təhlükə hesab etmir:

“Gürcüstan bu formata qoşulmadan da, bu mexanizm beşli şəkildə çalışa bilər. Hesab edirəm ki, zaman keçdikcə Gürcüstan iqtisadi mövzuların müzakirələrinə qatıla bilər. Rusiya ilə siyasi-diplomatik təmaslar olmadan iqtisadi zəmində əməkdaşlıq üçün müxtəlif layihələr müzakirə oluna bilər. Onu da nəzərə alaq ki, baxmayaraq hazırda Tblisi-Moskva diplomatik münasibətləri kəsilib, amma sərhəddə gediş-gəliş var. Ona görə də düşünürəm ki, gələcəkdə iki ölkə arasında iqtisadi münasibətlər ola bilər”.

Çimnaz Şahlar