"Ankara-İrəvan münasibətləri tezliklə həll olunmayacaq"  -  Sərdar Cəlaloğlu

"Türkiyə Azərbaycanın maraqlarını nəzərə almadan Ermənistanla heç bir əlaqə yaratmır"

İrəvan Ankara ilə münasibətləri normallaşdırmaq üçün substantiv danışıqlar gözlədiyini açıqlayıb. Bu barədə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan deyib. Onun sözlərinə görə, İrəvan gözləyir ki, növbəti görüşdə Ankara ilə daha substantiv danışıqlar olacaq: 

“Əgər gündəm kifayət qədər ciddi və substantiv olarsa, o zaman müxtəlif görüşlər və ya onların keçirilməsi formatları haqqında düşünə bilərik. Amma mən bu mövzu haqqında danışmağı tez hesab edirəm”. Rubinyan əlavə edib ki, əsl problem sərhədlərin açılmasıdır: “İkincisi, diplomatik münasibətlərin qurulmasıdır. Biz mümkün olan hər şeyi edirik”. Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan isə bildirib ki, Ermənistan ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa və sərhədləri açmağa hazırdır. Onun sözlərinə görə, rəsmi İrəvanın mövqeyi dəyişməyib: “Ermənistan sərhədləri açmağa və ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır. Bu, Ermənistanın və erməni xalqının maraqlarından irəli gəlir”. Xatırladaq ki, Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələri arasında ilk təmas yanvarın 14-də Moskvada baş tutub.

İlkin görüşlərlə bağlı “Şərq”ə danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, ermənilərin yüz ildən çoxdur türklərə qarşı nifrəti, düşmən münasibəti, ərazi və “soyqırım” iddiası var. Partiya rəhbərinin sözlərinə görə, erməni cəmiyyətinin rəyinin qısa müddətdə dəyişməsi, yüz illik siyasətə yenidən baxılması çox çətindir: 

“Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası və gerbində Ağrı dağının təsviri var. Erməni süni dövlətçiliyinin təməli Türkiyəyə qarşı iddiaların əsasında qurulub. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması bütövlükdə ermənilərin türklərə yanaşmasının köklü dəyişməsini tələb edir. Bu, indiki halda o qədər də real deyil. Proses davam edəcək. Ermənilər öz maraqlarını aydın dərk edəndə qonşularla normal əməkdaşlıq məsələsi həllini tapacaq”.

S.Cəlaloğlu vurğulayıb ki, Ankara Azərbaycanın maraqlarını nəzərə almadan Ermənistanla heç bir əlaqə yaratmır: 
“Türkiyə Ermənistanla əlaqələrini məhz rəsmi Bakının razılığı çərçivəsində yoluna qoymaq istəyir. Ankara-İrəvan münasibətləri Azərbaycan hökumətinin və xalqının maraqları nəzərə alınmaqla, tədricən formalaşacaq. Türkiyə hər addımı ilə bizə qardaş olduğunu sübut etməkdədir”.