Putin və Rəisinin gündəliyində Zəngəzur dəhlizi var


İran prezidenti Rusiya səfərində daha çox iqtisadi paketlərə yeni nəfəs verilməsini müzakirə edəcək

İran Prezidenti İbrahim Rəisi Rusiyaya səfər edəcək. Kremlin məlumatına görə, liderlər iqtisadi, beynəlxalq və regional mövzularla bağlı birgə layihələrin reallaşdırılmasını müzakirə edəcək. Putin və Rəisi İranın nüvə proqramı ilə bağlı birgə fəaliyyət planının icrasından da danışacaq. İran-Rusiya Birgə Ticarət Palatasının vitse-prezidenti Kambiz Mirkərimi deyib ki, Prezident İbrahim Rəisinin Moskvaya səfəri mühüm əhəmiyyət kəsb edir: “Danışıqların ikitərəfli iqtisadi əməkdaşlığın inkişafına təkan verəcəyini gözləyirik”.

İran prezidenti Rusiyaya səfərindən əvvəl ali rəhbər ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ilə məsləhətləşib. Vilayətinin sözlərinə görə, nüvə sazişi ilə bağlı aparılan müzakirələr vacibdir: “Danışıqlarda həlledici rol oynayan Rusiya ilə bu məsələ ətrafında məsləhətləşmələr aparılmalıdır. Putin və Rəisi bu mövzunu mütləq müzakirə edəcəklər”.

Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə deyib ki, İranda prezidentlik institutu daha çox iqtisadi prioritetlərlə çalışır. Bu mənada Rəisi Rusiya lideri Vladimir Putinlə görüşü zamanı daha çox iqtisadi paketlərə yeni nəfəs verilməsini müzakirə edəcək. Analitikin sözlərinə görə, Cənubi Qafqazda yaranan yeni reallıq regional iqtisadi-ticari əlaqələrin istiqamətini şaxələndirdiyindən Zəngəzur dəhlizinin açılması qaçılmaz bir zərurətə çevrilir: 

“İran da bu dəhliz çərçivəsində yaranacaq formata qoşulacağını bəyan edib. Ona görə də Putin-Rəisi gündəliyindəki mövzulardan biri də Zəngəzur koridoru ilə bağlı olacaq. Bu dəhliz Rusiyaya da, İrana da yeni iqtisadi fürsətlər təqdim edir. İndi əsasən də İran bu fürsətləri düzgün dəyərləndirib özü ətrafında yaranan təcridi yarmağa çalışmalıdır. Putin-Rəisi “qarşılaşmasında” İranın nüvə proqramına dair müzakirələrin gedişatı, gəlinə biləcək nəticələr müzakirə predmetinə çevriləcək. İranın şərti odur ki, sanksiyalar aradan qaldırılsın və Hərtərəfli Birgə Fəaliyyət Planına qayıdış təmin edilsin. Altılıq ölkələrinin şərti isə odur ki, İran nüvə proqramlarını məhdudlaşdırsın və beynəlxalq müşahidəçilərin nüvə təsisatlarına girişinə əngəl yaratmasın. Danışıqlarda nəticənin hasil edilməsi qarşılıqlı iradə səviyyəsinin düz-mütənasibliyindən asılıdır. Hərçənd, müzakirələrdə ortaya qoyulan şərtlərlə bu, çətindir. Altılıq ölkələrinin beşi nüvə dövlətidir, onlardan heç biri İranın nüvə proqramının genişlənməsini istəmir”.

A.Kərimova görə, Rusiya Tehranın nüvə silahı yaratmaq təşəbbüsünü bildiyi üçün bu məsələdə İrana qarşı cəbhədə yer alır: “İsrail danışıqların tərəfi olmasa da, İrana qarşı cəbhənin güclənməsində israrlıdır və resurslarını bu istiqamətdə xərcləyir.

Təsadüfi deyil ki, Rəisinin Rusiya səfərindən öncə İsrailin Baş naziri Naftali Bennet Vladimir Putinlə telefon danışığı apardı. İsrail Putin-Rəisi görüşündən öncə saatlarını bir daha Kreml “əqrəbləri” ilə tutuşdurur. Rusiya son illər İsrailin təkliflərinə jestlə cavab verən siyasi xətt yürütdüyündən onun üçün İsrail maraqları daha ön plandadır. Düzdür, Suriya böhranında Rusiya ilə İsrail əks mövqeləri ifadə etsələr də, onlar münaqişə zamanı bir-birinin boğazına ip salmağa çalışmadı, əksinə, tərəflərdən birinin addımına digəri göz yumdu. Rusiyanın Suriya səmasına nəzarəti və İsrail üçün güzəştli hərbi xidməti İsraili də Moskvanın yanında olmaq üçün diqqətli davranmağa məcbur edir. Moskva özünü bir növ İranla İsrail arasında əsas “vasitəçi” kimi yerləşdirir. Hər iki tərəfin xoşuna gəlmək üçün tarazlıq saxlamağa cəhd edir. Amma bağlı qapılar arxasında İsraili daha çox “sevdiyini” bəyan edir. Yəni İsrailin təsir rıçaqlarının çox olması, əməkdaşlıq səviyyəsinin qalxması Rusiyanın diplomatik balansını İsrail tərəfə əyir. Əyilmə nöqtəsinin səbəblərindən biri də iki dövləti birləşdirən ortaq dəyərin - nüvə silahlarının - olmasıdır. Üstəgəl, beynəlxalq aləmdə İranın təcridi güclənir ki, Moskva burada İrana münasibətdə tərəfdaşlıq statusunu arxa plana keçirir və beynəlxalq səylərə “töhfə verir”. Bir sözlə, İran diplomatiyasının sınağa çəkildiyi bir zamanda Rusiyadan da əhəmiyyətli dəstək ala bilmir”.