Ermənistan ordusunda fərarilik,  nizam-intizamsızlıq geniş yayılıb 

Azərbaycanın qaytardığı 6 erməni hərbçinin  Ermənistanda həbsin səbəbləri müxtəlif ola bilər 

2021-ci il noyabrın 16-da Azərbaycan tərəfindən saxlanılan və bir qədər sonra Ermənistana təhvil verilən 6 hərbçi barədə cinayət işi başlanıb. Onlardan heç biri zərərçəkmiş kimi tanınmayıb. Ermənistan İstintaq Komitəsi bildirib ki, əsirlikdən qayıdan 26 əsgərdən 6-sı həbs edilib. 

Onların arasında üç zabit də var. Ötən ilin sonunda Prezident İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibəsində Ermənistana qaytarılan hərbçilərin həbs olunması məsələsinə toxunmuşdu. Dövlət başçısı bildirmişdi ki, erməni hərbçilərin həbsi onların özünə və qohumlarına çox ciddi bir siqnaldır: “Biz onları Ermənistana qaytarmışıq, onlar isə həbs ediblər. Ola bilsin ki, onlar bu şəxslərə işgəncə verəcəklər. Onların çox sərt təcrübəsi var, çünki bizim əsirlərin Ermənistan həbsxanasındakı dəhşətli vaxtlar barədə danışdıqları onu göstərir ki, bu insanlar çox ağır işgəncələrə məruz qalacaqlar. Ona görə də əgər biz daha çox adam qaytarsaq, onlar həbs olunacaqlar. Bu, real faktdır və bunu təsdiq etmək olar”.

Erməni hərbçilərinin öz ölkələrinə təhvil verildikdən sonra dərhal həbs olunması ilə bağlı “Şərq”ə danışan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov deyib ki, ötən il noyabrın 16-da təslim alınmış erməni hərbçilərinin çoxu geri verilib. Ekspert vurğulayıb ki, hətta Azərbaycan tərəfi humanistlik göstərərək yaralı halda ələ keçmiş erməni hərbçini də sağaldaraq qarşı tərəfə qaytarıb:

 “Ermənistan hay-küylə tələb etdiyi hərbçiləri geri aldıqdan sonra dərhal onlara cinayət işi açdı və bir neçəsini həbs etdi. İrəvan məsələ barədə ətraflı məlumat verməkdən boyun qaçırır. Həbsin səbəbləri müxtəlif ola bilər. Ermənistan ordusunda fərarilik, postu özbaşına tərk etmək, nizam-intizamsızlıq geniş yayılıb. Lakin 30-dan çox erməni hərbçinin birlikdə əsir götürülməsi Ermənistanın siyasi dairələrində ciddi şübhələr yaradırdı. Xatırlayırsızsa, bir müddət öncə Baş nazir Nikol Paşinyan hökumətin iclasında hiddətlə bildirdi ki, o, eyni anda 32 nəfər hərbi qulluqçunun Azərbaycan əsgərlərinə əsir düşməsini anlaya bilmir. Bəlkə də hesab edirlər ki, hansısa erməni hərbçisinin “ehtiyatsızlığı”, yaxud fərariliyi nəticəsində 32 erməni əsir düşüb. Bu səbəbdən 6 hərbçini suçlayaraq həbs ediblər. İrəvan hökuməti Azərbaycanın hərbi üstünlüyünü həzm edə bilmir. Erməni komandirlər öz əsgərlərini postda qoyub qaçıblar. Başsız qalan erməni əsgərlər Azərbaycanın xüsusi təyinatlı hərbçilərinin qarşısında təslim olmaqdan başqa çıxış yolu görməyiblər. Ermənilər bu reallığı anlamaqda çətinlik çəkirlər. Bəzi erməni saytlarının hərbçiləri Azərbaycana “casusluqda” ittiham etməsi tamamilə əsassız və uydurmadır”.

İsmayıl Qocayev