"Mükəmməl qanun olsaydı Azərbaycanda xeyli güclü partiyalar olardı"

Reallıq, müasir siyasi situasiya nəzərə alınmalıdır

Partiyalar haqqında qanun ictimai müzakirəyə çıxarılmalıdır

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarıla bilər. Bu barədə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deyib. Onun sözlərinə görə, layihənin rəhbərlik etdiyi komitənin yaz sessiyasının işlər planına daxil edilməməsinə baxmayaraq, sessiya müddətində tam hazırlanıb müzakirəyə çıxarılacağı istisna olunmur: 

“Komitənin işlər planına salınmaması o demək deyil ki, qanun layihəsi parlamentdə müzakirə edilə bilməz. Əgər ehtiyac olarsa, qanun layihəsi işlər planına daxil edilə və parlamentin müzakirəsinə çıxarıla bilər”. Xatırladaq ki, “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul edilib. Əksər siyasilər hesab edirlər ki, Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul olunması zərurətdir. Ölkədə fikir plüralizmi, siyasi dünyagörüş çalarları artırsa, bunun özü siyasi münasibətlərdə keyfiyyət yeniliyi yaradar. Həmçinin, qlobal çağırışlar Azərbaycandan daha təkmil fəaliyyət tələb edirsə, siyasi sistem mütləq təkmilləşməlidir. Bütün bunların da qanunvericilik bazası olmalıdır ki, fəaliyyət tənzimlənsin. 

AĞ Partiya sədri Tural Abbaslı “Şərq”ə açıqlamasında bildirib ki, “Siyasi partiyalar haqqında” qanuna ötən müddət ərzində bəzi dəyişikliklər edilib. Amma təəssüflə qeyd etməliyik ki, bu düzəlişlər çoxpartiyalı demokratik sistemin güclənməsinə heç bir töhfə verməyib. Əgər “Siyasi partiyalar haqqında” qanun demokratik, işlək olsaydı, bu gün Azərbaycanda xeyli güclü partiyalar olardı. Bu qanun partiyaların güclənməsinə, siyasi həyatda rolunun artırılmasına, dövlət idarəçiliyində təmsil olunmasında yardımçı olmalıdır. Qanun partiyalara möhkəmlənmə və strukturlaşma istiqamətində stimul verməlidir. Siyasi təşkilatların səlahiyyətləri, imtiyazları artırılmalıdır. Bizdə 50 manata və 20 dəqiqəyə qeydiyyatdan keçirilən hansısa MMC-nin hüquq və səlahiyyətləri minlərlə insanı özündə birləşdirən siyasi partiyaların səlahiyyətlərindən daha çoxdur. Xeyli boşluqlar var. AĞ Partiya olaraq bir sıra fikirlərimizi şifahi şəkildə hökumətin diqqətinə çatdırmışıq. Hesab edirəm ki, partiyalar haqqında qanun ictimai müzakirəyə çıxarılmalıdır. Əgər qanunun işlək və faydalı olmağını, insanların ictimai-siyasi həyatda fəallığını istəyiriksə, reallıq, müasir siyasi situasiya nəzərə alınaraq qəbul olunmalıdır. Elə qanun qəbul etməliyik ki, partiyalar siyasi fəaliyyətdə peşəkarlaşsın və Milli Məclisə oliqarxlar, kartof və ya tozsoran satanlar deyil, əsl siyasət adamları düşsün”.

T.Abbaslı vurğulayıb ki, partiyaların qeydiyyatı, maliyyələşməsi, qərargahla təmin olunması, regionlarda fəaliyyətinin genişlənməsi, dövlət qurumları ilə münasibətlər və s. məqamlar tənzimlənməlidir: 

“Oğuz rayonunda partiyamızın şöbəsini açmaq istəyirəmsə, bu məsələ rayonun icra başçısının şəxsi kefindən asılı olmamalıdır. Əlbəttə, bəzi tələblər daha da sərtləşdirilə bilər. Məsələn, partiyanın hüquq və səlahiyyətləri artırılırsa, öhdəlikləri, məsuliyyəti də paralel artırılmalıdır. Qeydiyyatın tələblərini ağırlaşdıra, seçkidə fəal olmağı, rayon şöbələrinin sayını şərt qoşa bilərlər. O zaman bir-iki adamdan ibarət partiyalar da olmaz. Kimlərsə özlərinə “mən partiya sədriyəm” deyib gəzməzlər. Amma “Siyasi partiyalar haqqında” qanunu tələm-tələsik qəbul etmək də olmaz. Qanun partiyalara, partiyalar siyasi sistemə, siyasi sistem isə dövlətçiliyə xidmət etməlidir”. 

ReAL-ın icra katibi Natiq Cəfərli isə bildirib ki, mükəmməl qanun mövcud konstitusion, iqtisadi və siyasi şəraitdə işlək ola bilməz. Onun sözlərinə görə, “Siyasi partiyalar haqqında” yeni qanun Konstitusiya, eləcə də siyasi və iqtisadi şərait dəyişilmədən qəbul olunacaqsa, ən azından Seçki Məcəlləsinə də uyğun dəyişikliklər edilməlidir: 

“Hazırda mövcud olan qanunla müqayisədə yeni qanunda məhdudiyyətlər azaldılmalıdır. İctimai Televiziya parlament partiyalarını həftədə 30 dəqiqə, ayda 2 saat canlı efirlə təmin etməlidir. Partiyalar özləri bu yayımı canlı, ya da öncədən hazırlanmış məzmunla təmin etməlidir. Dövlət qeydiyyatından keçməmiş siyasi partiya adından ictimai çıxış və fəaliyyət, onun fəaliyyətində və ya fəaliyyətinin təşkilində iştirak tənzimlənməməlidir. Qeydiyyat üçün tələb olunan partiya üzvlərinin minimal sayının indiki 1000-dən 5000 nəfərə artırılması ideyası siyasi sistemin yeniliyə açıq saxlanılması marağına ziddir”.