Uçuşlar fevralın 2-də başlayacaq

Ankara-İrəvan yaxınlaşması Ermənistanın nicat yoludur

Paşinyan revanşist qüvvələrin müqavimətini qırmağa məcbur və məhkumdur

Erməni cəmiyyəti və hakimiyyəti hesab edir ki, Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün yeni imkanlar yaradacaq

   Türkiyədən Ermənistana uçuşlar fevralın 2-də başlayacaq. Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Ekspertlərin fikrincə, Ermənistan-Türkiyə münasibətləri 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi reallığın bir parçasıdır. Lakin Türkiyənin açıq-aydın mövqeyi var ki, Ankara-İrəvan münasibətlərinin normallaşması Azərbaycanla Ermənistanın münasibətlərinin səviyyəsindən asılı olacaq. Türkiyə Ermənistanla bağlı məsələlərdə tələsik addımlar atmaqda maraqlı deyil. Rəsmi Ankara hesab edir ki, dərin və geniş müzakirələrin aparılmasına ciddi ehtiyac var. Türkiyə ilə Ermənistan arasında uzun müddətdir diplomatik münasibətlər mövcud olmayıb. Hər halda hava nəqliyyatının açılması bir başlanğıcdır və heç şübhəsiz, davamı olacaq. 

Ankara-İrəvan münasibətlərinin normallaşma prosesini “Şərq”ə dəyərləndirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, Türkiyə və Ermənistan nümayəndələrinin təmasları Azərbaycanın maraqlarına uyğundur. Partiya rəhbərinin sözlərinə görə, istər rəsmi Bakı, istərsə də ölkəmizin siyasi qüvvələri bu təmasları alqışlayır: 

“Yeni normallaşma prosesini Türkiyə Azərbaycanla birgə şəkildə, öncədən razılaşdırılmış prinsiplər əsasında həyata keçirəcək. Bunu qardaş ölkənin Xarici işlər naziri Mövlud Çavuşoğlu da dəfələrlə bildirib. Müsbət haldır ki, qarşı tərəfdən Nikol Paşinyan və Ermənistanın digər rəsmi şəxsləri də heç bir ön şərt qoymadan danışıqlara hazır olduqlarını bəyan ediblər. Eyni zamanda real addımlar atmağa başlayıblar. Paşinyan Türkiyə və Azərbaycan ilə münasibətlərin normallaşdırılmasına mane olan əsas səbəblərdən biri kimi Ermənistan konstitusiyasından "soyqırımı" ifadəsinin çıxarılmasını planlaşdırır. Bu, Ermənistan tərəfindən hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını da sürətləndirə bilər. Lakin Paşinyanın bu planları Ermənistanın millətçi-revanşist müxalifəti və xaricdəki erməni diasporu, erməni lobbi qrupları tərəfindən kəskin müqavimətlə qarşılaşır. Onlar Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyi, sərhədlərin dəqiqləşdirilməsini erməni xalqının maraqlarına zidd addım kimi qiymətləndirirlər. Bu da səbəbsiz deyil. Axı xaricdəki erməni diasporunun və lobbisinin öz mövcudluğunu davam etdirməsi məhz bu qondarma "soyqırımı" iddialarının bundan sonra da təbliğ olunmasından, ənənəvi türk düşmənçiliyinin körüklənməsindən asılıdır. Onlar öz mövcudluq səbəblərindən məhrum olmağa hazır deyillər. Qondarma "soyqırımı" təbliğatı uzun illər boyu erməni diasporunu ayaqda saxlayıb, birləşdirib. Bu onlar üçün həm də zəhmətsiz qazanc mənbəyinə çevrilib. Ona görə də nə "Daşnaksütyun", nə də digər qruplar qondarma "erməni soyqırımı" biznesindən məhrum olunmaq istəyirlər. Radikalların Paşinyanın qonşularla münasibətlərin normallaşdırılması kursuna sərt təpki göstərmələri də ilk növbədə bundan qaynaqlanır”. 

Ə.Hüseynov vurğulayıb ki, Paşinyan onların müqavimətini qırmağa, başlatdığı kursu davam etdirməyə məcburdur: 

“Paşinyan dərk edir ki, bir tərəfdən Türkiyə ilə münasibətlərin normallaşması, digər tərəfdən Azərbaycanla sülh müqaviləsinin bağlanması və əlaqələrin qurulması ilk növbədə Ermənistanın özünün xilası deməkdir. Paşinyanın komanda üzvləri də hesab edirlər ki, Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün yeni imkanlar yaradacaq. Hətta ölkədə işsizlik problemini də bir xeyli dərəcədə həll edəcək. Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan bildirib ki, “Ermənistan ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa və sərhədləri açmağa hazırdır, çünki bu, Ermənistanın və erməni xalqının maraqlarından irəli gəlir”. 

Ermənistan rəhbərliyində bu cür konstruktiv mövqedən çıxış edən şəxslərin artması əlbəttə, Nikol Paşinyanın mövqelərini gücləndirir. İndi Paşinyan yaranmış fürsətdən istifadə edib Türkiyəyə və Azərbaycana qarşı ənənəvi düşmənçilik mövqeyindən çıxış edən millətçi-revanşist qüvvələri zərərsizləşdirmək istiqamətində qətiyyət nümayiş etdirməlidir”.